“Bəzi ölkələrin səfirlərini Ukraynadan geri çağırması Rusiya üçün də ciddi mesajdır”
“Onlar demək istəyir ki, Qərb və digər ölkələr rəsmi Moskvanın planlarından xəbərdardır”
“Bunu elan etməklə də Rusiya üzərində bir ictimai basqı yaratmağa çalışırlar ki, o Ukraynanı işğal etmək planlarından əl çəksin”
Böyük Britaniya Ukrayna səfirliyindəki əməkdaşlarını geri çağırmağa başlayıb. Bundan başqa, Yaponiya hökumətindən də bildirilib ki, hazırda rəsmi Tokio öz vətəndaşlarının və səfirlik işçilərinin bu ölkədən təxliyə edilməsi zərurətini nəzərdən keçirir. Eyni zamanda Avstriya xarici işlər naziri Aleksander Şallenberq belə bir planlarının olduğunu və hələlik yekun qərarın olmadığını vurğulayıb. Xatırladaq ki, yanvarın 22-də də Almaniyanın Xarici İşlər Nazirliyindən Ukraynadakı diplomatların ailələrinin təxliyəsi planı üzərində işlənildiyi haqda məlumat verilib. Xəbərdə qeyd olunub ki, Ukraynada vəziyyət gərginləşəcəyi halda səfirlik əməkdaşları vətənə qaytarıla bilər.
Siyasi şərhçi Turab Rzayev müxtəlif ölkələrin səfirlik əməkdaşlarını Ukraynadan geri çağırmasına dair “Sherg.az”a danışarkən bildirib ki, bu mövcud olan müharibə təhlükəsi ilə əlaqədardır:
“Artıq Ukraynada müharibənin başlayacağı kifayət qədər ciddi reallıqlara əsaslanır. Proses baş verərsə, həmin diplomatik korpuslar zərbə altında qalacaq. Mövcud duruma görə Almaniya, ABŞ, eləcə də Yaponiyanın hazırkı addımı olduqca tutarlıdır”.
T.Rzayev müxtəlif vaxtlarda Amerika kəşfiyyat idarələrinin məlumatlarına diqqət çəkib:
“Xatırlayırsınızsa, Amerika kəşfiyyatı ikinci Qarabağ savaşı başlamazdan bir neçə gün əvvəl də Bakıdakı səfirliyi ilə bağlı da eynilə belə bir açıqlama vermişdi. Bu onu göstərir ki, onlarda Ukraynada müharibənin başlayacağı barədə də kifayət qədər məlumatlar var”.
Siyasi şərhçinin fikrincə, sözügedən ölkələrin səfirlərini Ukraynadan geri çağırması Rusiya üçün də ciddi mesajdır:
“Onlar demək istəyir ki, Qərb və digər ölkələr rəsmi Moskvanın planlarından xəbərdardır. Bunu elan etməklə də Rusiya üzərində bir ictimai basqı yaratmağa çalışırlar ki, o Ukraynanı işğal etmək planlarından əl çəksin”.