İran Zəngəzur dəhlizinin açılmasında maraqlıdır

Tehran çalışır ki, Azərbaycan üzərindən həm Rusiyaya, həm də Avropaya çıxsın

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov İrana rəsmi səfər edəcək. Bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bildirib. Səfir qeyd edib ki, səfərin 25 yanvarda baş tutması gözlənilir. 
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən  rus sülhməramlı qüvvələrinin yeni komandanı general-mayor Andrey Volkovu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov qəbul edib. Görüş zamanı rus sülhməramlılarının müvəqqəti yerləşdirildiyi  Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti müzakirə olunub. 
General-mayor A.Volkovu general-leytenant Rüstəm Muradov təqdim edib. 

Vurğulayaq ki, Rüstəm Muradov Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı olub. Ondan sonra qısa zaman ərzində bu vəzifəyə general-mayor Mixail Kosobokov təyin edilib. Daha sonra həmin vəzifəni general-leytenant Gennadi Anaşkin icra edib. A.Volkov bu işə 2020-ci ilin 10 noyabrından etibarən təyin olunan dördüncü şəxsdir.
Ə.Əlizadə həmçinin "Twitter" hesabında məlumat verib ki, İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin başçılığı ilə nümayəndə heyəti Azərbaycanın Füzuli şəhərinə səfər edib. Onun sözlərinə görə, nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə də gedəcək.
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi iki ölkə arasında bir çox sahələrdə birgə böyük layihələrin olduğunu qeyd edib. Səfəri çərçivəsində iki ölkə arasında enerji, sənaye, tranzit, kənd təsərrüfatı və digər sahələrdəki layihələr haqqında müzakirələr aparılacağını bildirib. 
İranlı nazir səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə görüşəcək.

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Şərq"ə açıqlamasında bildirib ki, əvvəl İranla Azərbaycan arasında münasibətlər gərgin olsa da, artıq Azərbaycan Prezidenti elan edib ki, bizim İranla ciddi problemlərimiz qalmayıb:

 "Azərbaycan müdafiə nazirinin ora səfərində qeyri-adi bir məsələ görmürəm. Çünki qonşu dövlətdir, Azərbaycanın ən böyük sərhədlərindən biri də məhz elə İranladır. Sərhədlərin hər iki tərəfində ordu var. Təbii ki, Azərbaycan Müdafiə Nazirliyi ilə İranın silahlı qüvvələri arasında yəqin ki, birgə əməkdaşlıq kimi məsələlərlə bağlı razılaşmalar olacaq. Azərbaycan İranla hər hansı gərginlik istəmir. Füzuli rayonu İranla sərhəddir. Yol və şəhərsalma naziri səfər edibsə, deməli, Zəngəzur dəhlizinin açılmasında İranın bu və ya digər formada fəaliyyəti olacaq. Koridorun açılışı ilə bağlı addımlar atacaq. Çünki hazırda İranın Avropa və Asiya ilə əlaqələri ancaq dənizlədir. Bu da həm vaxt itkisidir, həm çox baha başa gəlir. Ona görə İran çalışır ki, Rusiyaya, həmçinin Azərbaycan üzərindən Avropaya çıxsın. Bütün bunların fonunda İran istəyir ki, dəmiryolu tez təhvil verilsin. Məlum olduğu kimi, İranın Ermənistana kifayət qədər təsiri var. Azərbaycan bu taktikanı seçməklə artıq cənub qonşusunu qarşısında yox, yanında görmək niyyətindədir. Qarşılıqlı səfərlərin əsas məqsədi buna xidmət edir. İnanırıq ki, yaxın gələcəkdə İranın şirkətləri də Qarabağın, xüsusilə də kommunikasiya xətlərinin bərpasında iştirakçı olacaq. Azərbaycan-İran münasibətlərinin yeni müstəviyə keçməsini gözləyirik".