ABŞ Dövlət Departamenti Ukraynadakı səfirliyin əməkdaşlarının ailələrinin köçürülməsi barədə göstəriş verib. Bu barədə "Fox News"un jurnalisti Lukas Tomlinson məlumat yayıb. Məlumata görə, səfirliyin 7 əməkdaşının ailə üzvlərinin köçürülməsi yanvarın 24-dən başlayaraq həyata keçirilə bilər. Daha əvvəl "Bloomberg" adları açıqlanmayan mənbələrə istinadən xəbər verib ki, yaxın günlərdə ABŞ səfirliyinin əməkdaşlarının ailə üzvlərinin məcburi köçürülməsi planlaşdırılır.
ABŞ səfirlərinin və diplomatlarının Ukraynadan çıxarılması ilə bağlı “Sherg.az”a danışan BDU-nun professoru, siyasi elmlər doktoru Sabir Məmmədli Rusiya və Qərb ölkələri arasındakı gərginliyi ən vacib beynəlxalq məsələ kimi dəyərləndirib:
“Ümumiyyətlə, Rusiya ilə Qərb ölkələri arasında münasibətlərin gərginləşməsi hazırkı dövrdə ən mühüm beynəlxalq məsələlərdən biri hesab olunur. Bununla əlaqədar olaraq, ABŞ Ukraynanın ərazi bütövlüyünün dəstəkləməsinin davamı kimi fəaliyyət göstərir. Nəzərə almaq lazımdır ki, Ukrayna rəhbərliyi də öz ərazi bütövlüyünü təmin edilməsi istiqamətində var gücləri ilə çalışır. Bu mənada rəsmi Kiyev çalışır ki, Qərb ölkələrindən, ilk növbədə Avropa İttifaqı və NATO üzvlərindən hər tərəfli dəstək əldə etsin. Bu prosesin davamı olaraq hazırkı mərhələdə ABŞ və Qərb ölkələri sadəcə olaraq Rusiyanı diplomatik müstəvidə neytrallaşdırmağa çalışırlar ki, əgər Ukrayna Donbassda və Luqanskda antiterror əməliyyatı keçirsə, Rusiya açıq şəkildə separatçı rejimə dəstək verə bilməsin. Bunun üçün də ilk növbədə Rusiyanı diplomatik müstəvidə neytrallaşdırmaq lazımdır. Bu səbəbdən ABŞ və Qərb ölkələri ciddi fəaliyyət göstərirlər. Bunun davamı olaraq onlar Ukraynaya hərbi yardım göstərməyə başlayıblar. Bu da bir daha onu təsdiq edir ki, Ukrayna ərazi bütövlüyünün təmin olunması istiqamətində ciddi fəaliyyət göstərir. Nəzərə almaq lazımdır ki, ABŞ və Rusiya arasında gərginlik bütünlükdə təhlükəsizlik problemlərini əhatə edir. Çünki NATO qüvvələri və sərhədləri artıq Rusiyanın sərhədlərinə yaxınlaşmaq üzrədir. Rusiya qabaqlayıcı addımlar atmağa çalışır. Bu səbəbdən belə bir gərginlik yaranıb”.
S.Məmmədli Rusiyanın ABŞ tərəfindən atılan addımları anladığını söyləyib:
“Rəsmi Moskva anlayır ki, ilk növbədə ABŞ Rusiyanı diplomatik müstəvidə neytrallaşdırmaga çalışır. İkinci mərhələdə Ukrayna hərbi əməliyyatlara başlamaq imkanları əldə edə bilsin deyə bu addımların atıldığını başa düşür. Bu mənada diplomatik təzyiq həm də masa üzərində məsələlərin müzakirəsi zamanı da olur. Gərgin fon yaratmaq üçün təkcə ABŞ yox, bəzi Qərb ölkələri də diplomatlarına qeyri-rəsmi göstəriş verib ki, ölkəni tərk etsinlər. Bu proses gündəmdədir. Məlum fakt onu göstərir ki, Ukrayna-Rusiya toqquşması qaçılmaz olacaq. Bundan əlavə gələcəkdə diplomatlara, səfirlərə qarşı da müəyyən təxribat və terror aktları baş verə bilər. Bu səbəbdən diplomatlar və onların ailələrinin çıxarılması barədə göstəriş verilib”.
Çimnaz Şahlar