Belaruslu hakerlərdən Rusiyaya qarşı kiberhücumlar...

Belaruslu hakerlər qrupu Rusiya qoşunlarının hərəkətinə və Moskva ilə yük daşımalarına mane olmaq üçün dəmir yolu şirkətinə kiberhücum edib.
"Sherg.az" "HaberTürk"ə istinadən xəbər verir ki, 10-20 fevralda Belarus ərazisində keçiriləcək “Müttəfiqlərin qətiyyəti-2022” adlı birgə hərbi təlimdən əvvəl Rusiya ordusu bu ölkəyə qoşun yeridir.
Hərbi yüklərin daşınması davam edərkən, Belarus "Kiber Partizanlar" qrupu  dəmiryol sisteminə kiberhücum təşkil edib. 
Belarus Dəmir Yolları "texniki səbəblərə görə" onlayn biletlərin satışını dayandırdığını bildirib. Dövlət rəsmiləri hücumla bağlı şərh verməyib.
“Kiber-Partizanlar” qrupu bunu sərnişinlərə təsir etmək üçün yox, ola biləcək neqativ hadisənin qarşısını almaq üçün etdiklərini bildirib:
“Biz bunu etdik, çünki dəmir yolu işğalçı qüvvələrin ölkəmizə daxil olmasına imkan verir”.
“Kiberpartizanlar” yalnız bir sıra tələblər yerinə yetirilərsə, kiberhücuma son verəcəklərini qeyd ediblər.  Bunlar Belarusiyanın tibbi yardıma ehtiyacı olan 50 siyasi məhbusunun azad edilməsi və Rusiya əsgərlərinin ölkəyə girişinin qarşısının alınmasıdır.
Qeyd edək ki,  ölkədə etirazlar 2020-ci ilin avqustunda keçirilən səsvermədə Aleksandr Lukaşenkonun  yenidən prezident seçilməsi ilə başlayıb. Müxalifət və Qərb ölkələri seçkiləri saxta hesab edir.

Cəmilə ƏZİM