NATO Ukraynada qoşun yerləşdirməyəcək! – Bu, Rusiyanın “iştaha”sını artıracaq

NATO-nun baş katibi Yens Stoltenberq CNN telekanalına müsahibə verib. O, dünyanın diqqət mərkəzində olan bəzi məsələlərə aydınlıq gətirib. 
Y.Stoltenberq rəhbərlik etdiyi alyansın Ukraynaya qoşun yeritməyəcəyini bildirib
“NATO Ukraynada qoşun yerləşdirməyəcək”

NATO-nun qərarının nəticələrini “Sherg.az”a şərh edən siyasi ekspert Əlimusa İbrahimov bildirib ki, rəsmi Moskva bir qədər arxayınlaşa bilər:

“Uzun müddətdən bəridir, Rusiya qoşunlarını Ukrayna sərhədlərində yerləşdirir. Bütün dünya , o cümlədən, ABŞ iddia edirdi ki, Rusiya oraya hücum edəcək. Gözlənilən bu idi ki, NATO qoşunları Ukraynaya yerləşdirəcək. Bu rəsmi Moskvanın vəziyyətini bir qədər çətinləşdirə bilərdi. Amma qoşun yerləşdirilməməsi "Rus ayı"sının imkanlarını artırır. Əgər Kreml işğal etməyi planlaşdırırsa, qoşun göndərməyə görə bir maneə qalmır. NATO-nun bu qərarı onu daha da həvəsləndirir, yolunu açır”. 

Ekspert NATO-ya üzv olmayan Ukraynanın müdafiəsiz qalmasının əsaslı olduğunu vurğulayıb:

“NATO ilə Ukrayna arasındakı münasibətlər o dərəcədə deyil ki, ora qoşun yeridib müdafiə etsin. Həm də bu qurumun üzvü deyil. Sadəcə, digər ölkələrlə olduğu kimi, məsələn, Gürcüstan, Azərbaycan, Moldova və s. ilə olan səviyyədə müəyyən əlaqələr var. Ukrayna üzv olsaydı, müdafiə edə bilərdi. NATO-nun nizamnaməsində bununla bağlı bəndin beşinci maddəsində müdafiə məsələsi qeyd olunub”.

Rusiya və Ukrayna arasında müharibənin baş tutub tutmayacağı ilə bağlı ehtimallardan söz açıb:

“Müharibəyə dair hələki bir şey demək mümkün deyil. Çünki şimal qonşumuz təhdidlərlə qarşılaşır. Əgər işğalçılığa başlasa, qoşun yeritsə, çox ciddi tədbirlər görüləcək, sanksiyalar tətbiq ediləcək”.

Cəmilə ƏZİM