Kreml mövqe qoyub! - “Ukrayna və Gürcüstan NATO-ya girməyəcək” - GƏRGİNLİK!

“Bu , Ağ Evin xarici siyasət prinsiplərinə zidd addımdır”


ABŞ dövlət katibi Entoni Blinken və Rusiya xarici işlər naziri Sergey Lavrov gələn həftə yeni danışıqlar aparacaqlar. Bu barədə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland bildirib.“Biz rusların təhlükəsizlik məsələləri ilə bağlı danışıqlara maraqlı olduğunun bəzi əlamətlərini, o cümlədən dövlət katibi Blinkenin və xarici işlər naziri Lavrovun yaxın həftə ərzində danışa biləcəyini görürük”, -deyə o, bildirib.

Rusiyanın davamlı olaraq ABŞ tərəfindən sanksiyalara  məruz qalması iki ölkə arasında əlaqələri kritik həddə çatdırıb.  İndi isə, iki dövlətin danışıqlara getməsi  ağıllarda fərqli fikirlər yaradır.  Bəlkə də, bundan sonra gərginliklər çoxalacaq. Başqa bir ehtimal da var ki, müttəfiq ölkə olaraq yaxınlaşacaqlar. Çünki Ukrayna məsələsi iki ölkənin maraqları ilə üst-üstə düşür.    

Bəs, bu danışıqlar iki ölkənin münasibətini nomallaşdıra biləcəkmi?

Məsələ ilə bağlı “Sherg.az”a açıqlama verən siyasi şərhçi Samir Hümbətov ABŞ -la Rusiya arasındakı gərginliyin həm görünən, həm də görünməyən tərəflərindən bəhs edib:

“Görünməyən cəhəti odur ki, tərəflər arasında danışıqlı oyun gedir. Görünən tərəf isə, bu gərginliyi yaratmaqla, əslində ABŞ və Rusiya öz mənafeylərini müəyyən nöqtələrdə, xüsusilə də, starteji mövqeyi olan ərazilərdə qorumağa çalışırlar. Mənfi münasibətlər SSRİ dövründən başlayıb”.

O, iki dövlət arasındakı münasibətin  normallaşmasından daha çox gərginləşəcəyini hesab edib:

“Rusiya ABŞ-dan özünə qarşı sanksiyalar görür. ABŞ da görür ki, şimal qonşumuz artıq onun strateji mövqelərinə toxunur. Bu gün artıq rəsmi Moskva ortaya bir mövqe  qoyub ki, Ukrayna və Gürcüstan NATO-ya girməyəcək. Bu , Ağ Evin xarici siyasət prinsiplərinə zidd addımdır”.

 S.Hümbətov hər iki tərəfin Ukrayna məsələsindən bəhrələnmək niyyəti olduğunu bildirib:

“ABŞ Ukraynanı qurban kimi seçib. Rusiya da orada dominantlıq yaratmaq istəyir Burada “Rus ayı”sı  ilə ABŞ müttəfiq deyil, nə də tam düşmən deyil. Sadəcə, hər ikisinin rəsmi Kiyev üzərindən oyunları var. Blinkin və Lavrov da oyunun əsas fiqurlarındandır. Bu günləri də həmin oyunu bu istiqamətdə aparırlar”.

Cəmilə ƏZİM