Sevgi münasibətindəki problemlər: İntihar heç vaxt çıxış yolu deyil

Gəncədə zəhərlənmə hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini 2004-cü il təvəllüdlü T.Məhərrəmov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırdır.
T.Məhərrəmovun Azərbaycan Dövlər Aqrar Universitetinin tələbəsi olduğu qeyd edilib. Onun sevdiyi qıza görə sirkə turşusu içdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Mövzu ilə bağlı “Sherg.az”a danışan psixoloq Zeynəb Əyyubova bildirib ki, intihar heç vaxt çıxış yolu deyil: 

“Bu, insanın qarşılaşdığı çətinliklərin müvəqqəti olduğunu dərk etməməsi, ümidsizlik və tək qalma hissi ilə hərəkət etməsi nəticəsində yaranır. Təəssüf ki, son dövrlərdə gənclər arasında belə halların artdığını müşahidə edirik. İntihara meyilli olan bir insanın əsas ehtiyacı anlaşıldığını və dəyərli olduğunu hiss etməkdir. Bu səbəbdən, belə hallarda həmin insanı diqqətlə dinləmək, problemlərini kiçiltmədən ona anlayış göstərmək və “sən tək deyilsən” mesajını çatdırmaq olduqca vacibdir. Gənclərin intihar etməsinə ən çox təsir edən amillər arasında ailə mühitində anlaşılmazlıqlar, sevgi münasibətlərində uğursuzluqlar, yüksək sosial təzyiqlər və bəzən də sosial medianın təsiri yer alır. Sevgi münasibətindəki problemlər gənclər üçün bəzən həyatın mərkəzinə çevrilir və bu, emosional partlayışlara səbəb ola bilər. Valideynlər övladlarının duyğularını ciddiyə almalı, onları dinləməli və sevgi ilə dəstək verməlidirlər. Əgər ailə içərisində münasibətlər sağlam deyilsə, bu da gənclərin özünü daha gücsüz və köməksiz hiss etməsinə səbəb olur”.

Ekspertin sözlərinə görə belə hallarda, ətrafdakıların rolu çox böyükdür:
“Əgər yaxınlarınızdan kimsə intihara meyilli düşüncələrdədirsə, ilk olaraq onu diqqətlə dinləyin və heç bir halda tənqid etməyin. Həmçinin ona, yaşadığı çətinliklərin keçici olduğunu və hər problemin bir həll yolu tapılacağını izah edin. Ən vacibi isə, peşəkar psixoloji yardıma müraciət etməsinə kömək edin. Çünki belə vəziyyətlərdə mütəxəssis dəstəyi həyat qurtarıcı rol oynaya bilər. Unutmayaq ki, həyatda hər çətinlikdən çıxış yolu var. Əsas olan, ümidimizi itirməmək və bu çətinliklərin həlli üçün mübarizə aparmaqdır. İnsanın özünü dəyərsiz hiss etməsinin qarşısını almaq, ona sevgi, diqqət və anlayışla yanaşmaq, cəmiyyət olaraq üzərimizə düşən ən böyük vəzifələrdən biridir”.