Lənkəranda dənizdə itkin düşən balıqçıların axtarışları davam edir

Lənkəran rayonunun Siyavar kəndi istiqamətində, dənizdə itkin düşmüş hesab edilən balıqçılar 1984-cü il il təvəllüdlü Mahmud İbayev və 1968-ci il təvəllüdlü Nazim Abbasovun axtarışları davam etdirilir.
APA-nın cənub bürosunun məlumatına görə, balıqçıların axtarışı ilə bağlı işlər hazırda da davam etdirilir.
İtkin düşmüş Mahmud İbayevin qardaşı Rəşad İbayev hələlik yeni məlumat olmadığını bildirib.

O qeyd edib ki, bəzən sosial şəbəkələrdə həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş məlumatlar yayılır: “Dənizin üstündə nə bir iz, nə ipucu heç bir şey tapa bilmirik. Biz yalnız dövlət orqanlarından cavab gözləyirik. Yerli camaat arasında guya İran gəmisinin tutub aparması barədə şayiələr dolaşır. Amma bunu da yalnız dövlət orqanları aydınlaşdıra bilər”.

Balıqçının həyat yoldaşı Zülfiyyə İbayeva da axtarışların hələlik nəticə vermədiyini deyib: “Bizim ümidimiz dövlətə, ondan gələcək xəbərədir. Həyat yoldaşımın tapılması üçün ümidimizi itirməmişik. Bizim 4 uşağımız var, mən onlara nə cavab verəcəyimi bilmirəm. Çox çarəsiz vəziyyətdəyik”.

Qeyd edək ki, yanvarın 13-də Lənkəranın Siyavar kəndi yaxınlığında, Xəzər dənizində 2 nəfər balıqçı itkin düşüb.

İtkin düşdüyü ehtimal edilən 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.