Psixoloq "cin atına mindi": Azyaşlı qız uşağı oğurlanır, cinsi təcavüzə məruz qalır, adını da erkən nikah qoyurlar

Goranboyda 10-cu sinif şagirdinin evlənmək məqsədi ilə qaçırılması faktı üzrə araşdırmaya başlanıb.
Bu barədə APA-nın yerli bürosuna Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis mayoru Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, məsələ ilə bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır: "Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".


Psixoloq Samirə Bağırova “Sherg.az”a bildirib ki, erkən nikahlar, eləcə də qohum nikahlar ölkəmizdə qadağan olunsa da, göründüyü kimi qanunları ciddiyə almayanlar hələ də var:

“Demək ki, daha sərt qanunlar tətbiq etmək lazımdır. Bu arada 10-cu sinif şagirdinin evlənməsi nə dərəcədə düzgündür sualı olmamalıdır. Çünki bu cür yönləndirilən suallar məsələni qəbullandırıb, xəfiflədir. 10- cu sinif şagirdini cinsi təcavüz niyyəti ilə oğurlayan şəxs kimdir? Sual belə oıduğu halda məsələ daha da ciddiyyət alır. Erkən nikah deyə məsələ yoxdur. Cinsi təcavüz sayəsində hamilə qalan azyaşlı qız uşaqları var ki, valideynlər buna göz yumur. Erkən nikah sözü ümumiyyətlə yığışdırılmalıdır ki, bu kimi hadisələrin nəhayət ki, qarşısı alınsın. Azyaşlı qız uşağı oğurlanır, cinsi təcavüzə məruz qalır, bu təcavüzdən hamilə qalır, sonra da adını erkən nikah qoyurlar. Bəzi jurnalistlər də belə məsələləri ciddiyə alaraq, sualları fərqli şəkildə qoysalar, cəmiyyət də oxuyarkən, bir azyaşlının taleyinin sınmasını yəqin ki, nəhayət dərk etmiş olar”.