İsmayıl Şıxlının rəssam oğlu...

Fərrux Şıxlınski- 63

Bildiyiniz kimi, xalq yazıçısı İsmayıl Şıxlının özündən sonra qiymətli əsərləri ilə yanaşı, övladları da yadigar qalıb. Bu gün sizə onun rəssam oğlu Fərrux Şıxlınskidən söhbət açmaq istəyirəm. Axı yanvarın 16-sı Fərrux bəyin ad günüdür...
Deyir ki:- “Çoxdan idi kinoteatra getmirdim. Lap çoxdan. Bəlkə də ölkəmiz müstəqillik qazanandan bu yana. Yox, kinoya baxmaq həvəsim ölməyib, qabağımda pürrəngi çay, divanda yayxanıb televizorda yaxşı bir filmə tamaşa etməyi xoşlayıram. Bəlkə də kinoteatra getməməyimin səbəblərindən biri məhz elə istədiyin kino əsərinə evdən çıxmadan baxmaq imkanının olmasıdır. Başqa bir səbəb isə yəqin ki, bir ara kinoteatrların bağlanıb yerlərində restoran və kafelərin açılması idi. Bir ara deyəndə, bu vəziyyət elə indinin özündə də davam edir. Şəhərin göbəyində, Natavanın heykəli önündə dayanıb arxasındakı gitaraya baxaraq buna şahid olmaq olar… ”
Çox məsuliyyətli adamdır. Yüksək təşkilatçılıq qabiliyyətinə malikdir. Plan qurmağı, hər hansı bir ideyanı həyata keçirmək üçün “yol xəritəsi” çəkməyi yaxşı bacarır. Məntiqlə hərəkət etməyi xoşlayır. Xəyalpərəst deyil. Hadisələrə həmişə real baxır, hər zaman mükəmməlliyin tərəfindədir, ona görə də onun xəyal qurduğunu asanlıqla görə bilməzsiniz...
Fərrux Şıxlinski 1962-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1981-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, 1986-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət incəsənət İnstitutunun Rəssamlıq fakultəsini bitirib. Universiteti bitirdikdən sonra hərbi xidmətdə olub. Daha sonra Elmi-Tədqiqat Texniki Estetika İnstitutunda (ÜETTEİ) dizayner, "Ədəbiyyat və İncəsənət", "Ayna"- "Zerkalo" qəzetlərində rəssamlıq edib. "Həftə sonu plyus"-"Week-end plyus" qəzetində baş redaktor işləyib. Hazırda "Ayna"-"Zerkalo" qəzetlərinin məsul katibidir...
“Təəssüf ki, cəmiyyətimizdə bir çox şeyi dərinliyinə varmadan, mənasını anlamadan, yalnız gündəlik dəbə uyğun olaraq yerinə yetirir, zahiri görüntü yaradırıq. Təki qonşudan geri qalmayaq. Belə olmasa idi konsertə geyinib-kecinib özümüzü göstərməyə yox, musiqiyə qulaq asmağa, hər hansı bir komandamız beynəlxalq yarışda iştirak edəndə stadiona selfi çəkdirməyə deyil, futbola baxmağa gedərdik.”- söyləyir...
Zəhmətkeş, ciddi, bütün təşəbbüslərində uğurlu birisidir. Soyuqqanlı, ora-bura vurnuxmayan, münasibətlərində isə mülayimdir. Nə istədiyini yaxşı bilir, gündəlik boş söhbətlərə çox da uymur, lakin çox güclü, məqsədyönlü və qətiyyətlidir. Gözəl yumor hissi var...
Bəli, bu gün xalq yazıçısı İsmayıl Şıxlının yadigarı- rəssam oğlu Fərrux bəyin 63 yaşı tamam olur. Mübarəkdir!
Çox yaşasın!
Hörmətlə, Elman Eldaroğlu