Böyük siyasi oyun! - «ABŞ və Avropa dövlətləri dünyanın siyasi xəritəsini dəyişməyə çalışırlar»

«ABŞ və Avropa dövlətləri dünyanın siyasi xəritəsini dəyişməyə çalışırlar».
Bu barədə "Sherg.az"a siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildirib. O qeyd edib ki, Rusiya hazırda özünü yeni güc mərkəzi kimi təqdim etməyə çalışır:

«Lakin iqtisadi, siyasi problemlər bunu bacarmır. Əvvəllər yalnız ABŞ qütbü var idi. İndi isə Avropa, Çin qütbü də formalaşır. Rusiya da çalışır ki, yeni qütb yaratsın. Lakin Rusiyada general Sobolevin rəhbərliyi ilə hərbi elita Putinə qarşı çıxır. Onlar araşdırma aparıblar ki, Putinin dövründə ölkədən hər il 1 trilyon rubl  çıxarılıb. Bu qədər pulun yoxa çıxmağı göstərir ki, Rusiyada korrupsiya geniş vüsət alıb. Ölkədən çıxarılan vəsaitlərin geri qaytarılması məsələsi gündəmə gələ bilər. Bu da Putinə sərf etmir. Ona görə də diqqəti müharibəyə yönəltməyə çalışır. 

Həmçinin Ukraynada da ciddi sosial problemlər var.  Qarşıdan prezident seçkilər gəlir. Zelenskiyə seçkiləri qazanmaq üçün müharibə variantı sərf edir. Avropa İttifaqı, Polşa və Ruminiyaya isə iki slavyan dövlət arasındakı müharibədən siyasi nüfuz qazanmaları maraqlıdır. ABŞ-nin də öz maraqları var.

Vaşinqton Çin-Rusiya birliyinə qarşı Ukraynaya dəstək verir. Lakin müharibə başlasa, onlar heç vaxt kömək etməyəcəklər. ABŞ-nin tarixinə nəzərən bunu əminliklə söyləyirik. İki dövlətin zəifləməsi Amerika ilə yanaşı, İngiltərənin də marağındadır. İngilislər Avrasiya materikinin ürəyini - Ukrayna ilə Rusiyanı götürmək istəyir».

C.Nuriyev hesab edir ki, qərblilər dünyanın düzənini dəyişdirmək istəyirlər: 

«Yeni siyasi konfiqurasiya formalaşdırmaq niyyətindədirlər. Rusiya parçalanarsa, 25 yeni respublika yaranacaq. Onlar kiçik dövlətlərin yaranmasına çalışırlar. Dünyada böyük siyasi oyun gedir. Gah müharibə məsələsi gündəmə gəlir, gah da müharibənin olmayacağına əminlik artır”.

Xanlar ƏLİBƏY