Consonla Zelenski nəyi müzakirə ediblər? – Açıqlandı:“ Rusiyanı dayandırmaq üçün bir sıra...”

Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Rusiya qoşunlarını ölkəsinin sərhədindən çıxarmalıdır.
“Sherg.az”  xarici mediaya istinadən xəbər  verir ki, Zelenski  Böyük Britaniyanın baş naziri Boris Consonla görüşdən sonra mətbuat konfransı keçirib. Zelenski konfransda bir sıra mövzulara toxunub.
Ukrayna prezidenti Rusiya ilə razılaşmaların həyata keçirilməsi ilə bağlı fərqli fikirlərin olduğunu vurğulayıb: 
"Bu müqavilələrin bəzi maddələri məni qane etmir. Minsk razılaşmalarındakı maddələrin icrası qaydası ilə bağlı fərqli münasibətimiz var, lakin biz torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizi qorumaq üçün hər hansısa bir şəkildə addımlar atmalıyıq”.

Donbasda eskalasiya ehtimalını dəyərləndirən Zelenski bəyan edib:

"Ukraynanın güclü ordusu olmalıdır. Bu halda biz ancaq özümüzə güvənməli və pis hadisələrə hazır olmalıyıq. Bütün ittifaqlara baxmayaraq, bunu edirik. Rusiyanın sərhədlərimizdən qoşunlarını çəkəcəyi vaxtı gözləyirik. Bu, çox əhəmiyyətli bir işarədir”.

Prezident Zelenski vurğulayıb ki, gərginlik artarsa, Rusiyaya qarşı sanksiyalar tətbiq olunmalıdır.

Konfransda Zelenski Böyük Britaniya ilə həyata keçiriləcək birgə layihələrdən danışıb. Ukrayna rəhbəri Böyük Britaniyanın tank əleyhinə raketlər göndərdiyini və Ukrayna Hərbi Dəniz Qüvvələrinin gücləndirilməsi üçün maliyyə dəstəyi verdiyini bildirib:"Conson ilə görüşdə Rusiyanı dayandırmaq üçün bir sıra birgə addımları müzakirə etdik. Qara dəniz regionunda sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi, kibertəhlükəsizlik və kibermüdafiə sahəsində əməkdaşlığın intensivləşdirilməsi üçün birgə hərəkətlər barədə razılığa gəldik”.

Çimnaz Şahlar