Əfqanıstanda universitetlər qapılarını açıblar

Taliban Əfqanıstanda  nəzarəti ələ keçirdikdən sonra dövlət universitetləri ilk dəfə öz qapılarını açıb.
“Sherg.az” “ Euronews”ə istinadən  xəbər verir ki, Lağman, Qəndəhar, Nimroz, Farah və Helmand əyalətlərində universitetlər fəaliyyətlərini bərpa ediblər. Ölkənin digər bölgələrində isə bu ayın sonuna kimi tədrisin bərpa ediləcəyi açıqlanıb.
Səlahiyyətlilər qız tələbələrinin dərslərini oğlanlardan ayrı aldığını bildiriblər. Məlumata görə, qızlar burka geyinmiş şəkildə dərslərdə iştirak edə biliblər. 

Oğlan tələbələr isə ənənəvi paltarda dərslərə davam ediblər. Universitet girişləri ağır silahlanmış Taliban əsgərlərinin nəzarəti altında olub, jurnalistlərin universitet şəhərciyinə daxil olmasına isə icazə verilməyib.

Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı Yardım Missiyası universitetlərin açılmasını "vacib addım" kimi qiymətləndirib. Ekspertlər universitetlərin açılmasının Talibanın beynəlxalq aləmdə tanınmasında böyük rol oynayacağı qənaətindədir.

Digər tərəfdən, Əfqanıstanda universitetlərin açılışının Norveçdəki danışıqlardan bir həftə sonraya təsadüf etməsi diqqətləri çəkib. Bəzi fikirlərə görə, Taliban nümayəndə heyəti ilə Qərb rəsmiləri arasında aparılan danışıqlarda dondurulmuş milyardlarla dollarlıq sərvətin sərbəst buraxılması üçün ölkədə qadınlara verilən hüquqların yaxşılaşdırılması tələb olunub.

Çimnaz Şahlar