ABŞ-ın əsas hədəfi:“Rusiya Ukrayna ilə mütləq müharibəyə başlasın” - "Kartlar" açıldı 

“Bu halda, ABŞ və onun müttəfiqləri Rusiyanı beynəlxalq məkandan təcrid etmək, dağıdıcı sanksiyalara məruz qoymaq üçün real bəhanələr qazanmış olacaq”

“Bu bəhanələr Rusiyanı beynəlxalq sanksiyalar ilə zəiflədərək öz sərhədləri içərisinə qapatmaq üçün vacibdir”

“Hətta Rusiya tamamilə geri çəkilmək məcburiyyətində qalsa belə, böyük ehtimalla ABŞ və Qərb müasir hərbi texnika ilə silahlandırdığı Ukraynanı Donbasa hücum etməyə yönəldəcək”

ABŞ Prezidenti Co Bayden xüsusi çıxışı zamanı bildirib ki,hazırda Rusiyanın Ukrayna ərazilərini işğal etmək təhlükəsi olduqca yüksəkdir. Onun sözlərinə görə,hər şey Rusiyanın yaxın günlərdə Ukraynaya girməyə hazırlaşdığını göstərir.Bayden həmçinin böhranın diplomatik yolla nizamlanması imkanlarının qaldığını qeyd edib.
 
Siyasi şərhçi Elçin Xalidbəyli  Ukrayna böhranının hazırkı durumunu “Sherg.az”a dəyərləndirib. O qeyd edib ki, indi ABŞ və NATO Ukrayna böhranı üzərindən Rusiya ilə hərbi-siyasi savaş içərisindədir:

“Hazırda həm ABŞ, həm də Rusiya dərin böhran yaşayır, hətta böyük sürətlə süquta uğrama mərhələsinə yaxınlaşırlar. Belə nəhəng dövlətlər öz mövcudluqları ilə bağlı ciddi təhlükələrlə üzləşəndə bir qayda olaraq, əsas beynəlxalq düşmənlər üzərində böyük qələbələrə ehtiyac duyurlar. İndi həm ABŞ-a, həm də Rusiyaya belə böyük qələbə lazımdır. Hər iki superdövlət daxildə başlamış dağılma proseslərini ləngitmək üçün beynəlxalq düşmənə qarşı birləşməyin vacibliyini öz cəmiyyətlərinə qəbul etdirməyə çalışırlar”.

Analitikə görə,Ukrayna böhranı böyük ehtimalla ABŞ və ya Rusiyanın qələbəsinə qədər müxtəlif intensivlikdə davam edə bilər:

 “Ağ Ev hazırda Rusiyaya qarşı beynəlxalq hərbi-siyasi təzyiq kampaniyası başladıb. Rusiya ABŞ-ın bu təzyiq kampaniyası qarşısında duruş gətirməkdə çətinlik çəkir. ABŞ-ın əsas hədəfi ondan ibarətdir ki, Rusiya Ukrayna ilə mütləq qısamüddətli də olsa, müharibəyə başlasın. Bu halda, ABŞ və onun müttəfiqləri Rusiyanı beynəlxalq məkandan təcrid etmək, dağıdıcı sanksiyalara məruz qoymaq üçün real bəhanələr qazanmış olacaq. Bu bəhanələr Rusiyanı beynəlxalq sanksiyalar ilə zəiflədərək öz sərhədləri içərisinə qapatmaq üçün vacibdir. ABŞ buna nail olarsa, Rusiyanın dünya nəhəngləri sırasından silinməsi baş tuta bilər. Təbii ki, Kreml də bunu bildiyindən geri çəkilmək istəmir. ABŞ və NATO-ya müqavimət göstərməyə çalışır”.

 E.Xalidbəylinin fikrincə, rəsmi Moskva ABŞ və NATO-nun Rusiya ilə birbaşa silahlı toqquşma təhlükəsindən yayınmağa üstünlük verməsindən istifadə edərək Ukraynaya qarşı hərbi təhdidləri artırır:

 “O, ABŞ və NATO-nu real hərbi toqquşma təhlükəsi qarşısında buraxaraq onun tamamilə geri çəkilməsinə çalışır.Yəni, Kreml 
ABŞ və Qərbi birmənalı şəkildə siyasi-diplomatik masaya oturtmağa, danışıqlar prosesində öz şərtlərini diqtə etmək şansı qazanmağa can atır”.

Siyasi şərhçi  hazırkı vəziyyətdə Ukrayna böhranının siyasi-diplomatik yolla həllinin mümkün görünmədiyini diqqətə çatdırıb: 
“Çünki  hətta Rusiya tamamilə geri çəkilmək məcburiyyətində qalsa belə, böyük ehtimalla ABŞ və Qərb müasir hərbi texnika ilə silahlandırdığı Ukraynanı Donbasa hücum etməyə yönəldəcək. Bundan sonra isə Rusiyanın ilhaq etdiyi Krım yarımadasına hücum ehtimalı aktuallaşacaq. Yəni, ABŞ və Qərb Rusiyanın Ukrayna böhranı ətrafında yaranmış hərbi-siyasi qarşıdurmadan uzaqlaşmasına imkan verməyəcək. Rusiyanın tam zəiflədilərək, öz sərhədləri içərisinə sıxışdırılmasına qədər bu qarşıdurma davam edəcək”.