Yunanıstanda yanğın çıxan bərədə olan Türkiyə vətəndaşları ölkəyə gətirilib - FOTO


Yunanıstanın İqoumenitsa limanından İtaliyanın Brindisi limanına üzərkən yanan bərədən xilas edilən Türkiyə vətəndaşları Türkiyəyə gətirilib.

APA “Anadolu” agentliyinə istinadən bildirir ki, bərədən xilas edilərək Korfu adasındakı otelə yerləşdirildikdən sonra pasportları itirilən Türkiyə vətəndaşlarına müvəqqəti pasport verilib.

Bərədəki 23 Türkiyə vətəndaşı avtobusla Korfu adasından İstanbula yola düşüb. Adadan Yanyaya gedən Türkiyə vətəndaşlarını daşıyan avtobus Saloniki - Aleksandrupolis xəttindəki Kipi Sərhəd Qapısından keçərək İpsala Sərhəd Qapısına gəlib.


Ölkəyə gələn Türkiyə vətəndaşlarından Fahri Özgen gəmi qəzasından son anda xilas olduqlarını və yaşadıqlarını bildirib.

Özgen onlara qayğı göstərən Prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyənin Afina-Pire baş konsulu Mustafa Somuncuya və Türkiyənin Gümülcine baş konsulu Murat Ömeroğluna təşəkkür edib:

“İlk saatlarda bəzi çətinliklərimiz oldu, amma sonra bizimlə çox maraqlandılar. Gəmi hələ yanır. Bir dostumuz itkin düşüb, hələ xəbər yoxdur. Bizi orada tək qoymadılar. Amma hələ də küçələrdəyik".