Moldova hakimiyyəti vətəndaşları Ukraynaya səfərdən çəkinməyə çağırıb

Moldova hakimiyyəti vətəndaşları Ukraynaya səfərdən imtina etməyə, artıq qonşu ölkədə olanlara isə diqqətli olmağı çağırıb.

“Report” xəbər verir ki, bu barədə Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin (XİNİ) saytında məlumat verilib.

“Biz Moldova vətəndaşlarını Ukraynaya səfərlər planlaşdırarkən mümkün qədər diqqətli olmağa, həmçinin səyahət etməzdən əvvəl risk dərəcəsini qiymətləndirməyə çağırırıq. Artıq ölkədə olanlar ölkəni tərk etmək üçün böyük izdihamdan qaçmalı, həmçinin sənədləri və pulları özlərində saxlamalıdırlar”, mətndə deyilir.

Bundan əlavə, Moldova vətəndaşlarına Ukraynanın şərq vilayətlərinə səyahətdən çəkinmələri tövsiyə olunur.

Departament qeyd edib ki, Ukraynada gərginliyin artmasına baxmayaraq, respublikanın Kiyevdəki səfirliyi və Odessadakı konsulluğu adi qaydada işləyir və yardım göstərməyə hazırdır.