Ərdoğanla Zelenski telefonla danışdılar! - Ukraynadakı son vəziyyət…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb. Ərdoğan və Zelenskinin müzakirə mövzusu Rusiya-Ukrayna böhranı olub. Onlar son vəziyyəti müzakirə edib.

“Sherg.az” xəbər verir ki, V.Zelenski bu barədə Tvitter hesabında paylaşım edib. O, R.T.Ərdoğana təşəkkür edib: “Mən prezident Rəcəb Tayyib Ərdoğana Ukraynanın mövqeyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə minnətdarlığımı bildirdim”.

Qeyd edək ki, Türkiyə Prezidenti R.T. Ərdoğan Afrika səfərində jurnalistlərin suallarını cavablandırıb və Rusiya-Ukrayna böhranı ilə bağlı bu cür dəyərləndirmə edib:

“Biz əvvəldən bu böhranda gərginliyi azaltmaq üçün səmimi səy göstərmişik. Böhranın həlli ilə bağlı mesajlarımızı açıq şəkildə vermişik.

 Xarici İşlər Nazirliyimizin son hadisələrlə bağlı verdiyi açıqlamada Rusiyanın qondarma Donetsk və Luqansk respublikalarını tanıma qərarının Minsk razılaşmalarına zidd olduğu bildirilib. Bu qərarın Ukraynanın siyasi birliyinin, suverenliyinin və ərazi bütövlüyünün açıq şəkildə pozulması olduğu vurğulanıb. 

Biz Rusiyanın bu qərarını qəbuledilməz hesab edirik. Biz tərəfləri sağlam düşüncəyə və beynəlxalq hüquqa hörmət etməyə çağırışımızı təkrar edirik”.

Çimnaz Şahlar