Böyük sirr... - O gecə 5 uşaq sanki duman olub göyə uçdu

Bu hadisə ABŞ kriminalistika tarixinin ən kədərli, üzücü faktıdır

   ABŞ-ın Qərbi Virciniya ştatı Fayettevile qəsəbəsinin sakinləri təqvimlər 1945-ci ili göstərdiyində Yeni il bayramının səhərini faciəli olay barədə xəbərlə açıb. Məlum olub ki, Corc və Jenni Sodder ailəsinin evi yanıb. Ailənin 10 övladından 5-i isə yanğın zamanı evdə olub. O gün, bu gün 5 uşaqdan hələ də bir xəbər yoxdur. Uşaqların nə ölüsü var, nə dirisi. Bu cinayət hadisəsi ABŞ kriminalistika tarixinin ən kədərli, üzücü faktıdır. Kriminalistlər uzun illər tədqiqat aparsalar da, 5 azyaşlının həmin gecə evdə olub-olmadıqlarını, yanğında can verdiklərini, yoxsa qaçaraq qurtulduqlarını, yaxud da uşaqların başqa birisi  tərəfindən oğurlandığını müəyyən edə bilməyib. 

Məsələ burasındadır ki, yanğın nəhayət ki, söndürüldükdən sonra hadisə yerində uşaqlardan heç bir nişanə tapılmayıb. Kriminalistlər, pataloqlar yanmış insan sümüklərini nə qədər axtarsa da, heç nə tapa bilməyib. Və istintaqın illərlə davam etməsinə baxmayaraq cinayət hadisəsinin üzərindən sirr pərdəsini qaldıra bilməyiblər.  “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, itkin 5 uşağın şəkli 40 il (!) ərzində qəsəbə yaxınlığındakı magistral yolda reklam lövhəsinə vurulmuş vəziyyətdə qalıb.  40 il ərzində bu yolda hərəkət edənlər tünd saçlı, qara gözlü, yaraşıqlı 5 uşağın fotosu ilə qarşılaşırdı: Maurice – 14, Marta – 12, Louis – 9, Jennie – 8 və Betty - 5 yaş.   

Qəsəbə sakinləri də həmin gecə nə baş verdiyini dəqiq bilmir. Bilinən budur ki, Sodderlərin 10 övladından 9-u Yeni İl gecəsi yatıb. Ailənin böyük oğlu həmin il hərbi xidmətdəymiş. Gecə 01:00 radələrində yanğın baş verib. Ata-ana və 4 uşaq yanan evdən çıxıb, 5 uşaq isə sanki duman olub göyə uçdu. Onlardan nə bir iz, nə bir əlamət qalıb. Ata Corc övladlarını xilas etməyə çalışıb, evə daxil olmaq üçün pəncərəni qırıb, əlini kəsib. Alt mərtəbədəki otaqlar tüstü dumanı içindəymiş. 2 yaşlı Silviyanın beşiyi valideynlərin yataq otağında imiş. Valideynlər yanğını gördükdə tələsik otaqdan çıxarkən körpəni də qucaqlarına alıblar. 

17 yaşlı Marion, 23 yaşlı John və 16 yaşlı iki oğlan uşağı da həyətə çıxa biliblər. Digər 5 uşaq isə yuxarı mərtəbədəki dəhlizin baş ucundakı otaqda qalıblar. Pilləkənlər alova büründüyündən aşağı düşə bilməyiblər.  Ata yuxarı mərtəbəyə çöl tərəfdən qalxmaq istəyib, lakin hər zaman yerində olan nərdivanı tapa bilməyib. Ağlına fikir gəlib: kömür daşıdığı yük avtomobilini pəncərələrin önünə sürsün və onun üzərinə çıxaraq pəncərələrdən içəri keçsin. Müəmma bundadır ki, yük maşınlarını hərəkətə gətirə bilməyib.  Sular da donubmuş. Alovları söndürmək mümkün olmayıb. Ata qolundan fışqıran qana əhəmiyyət vermədən uşaqları çağırmağa, qışqırmağa başlayıb. Səsi getdikcə titrəyib, gücsüzləşib. Yanğınsöndürmə xidmətinə zənglər nəticəsiz qalıb. Telefonlara cavab verilməyib. Yanğınsöndürənlər səhər saatlarında nəhayət gəlib çıxdıqda isə Sodderlərin evi külə dönmüşdü. Valideynlər 5 övladlarının yanğında can verdiyini ehtimal edirdi. Lakin ekspertizanın, pataloqların yanmış insan sümüklərinə rastlamaması burada daha dəhşətli bir cinayətin törədilə biləcəyi ehtimallarını gücləndirdi. Ekspertiza bildirib ki, insan sümükləri hətta 2 min dərəcə istidə yansa da, qalıqlar mütləq tapılmalıdır. Amma uşaqlardan heç bir əlamət qalmamışdı. Bir neçə ay öncə evə gələn tanımadıqları birisi elektrik naqillərinin vəziyyətini soruşmuşdu, evin arxasına keçərək elektrik naqillərinin birləşdiyi işıq qutusunu göstərərək “bir gün bu, yanğına səbəb ola bilər”, deyib. Daha sonra bir başqa  adamla həyat sığortası barədə mübahisələri düşüb, Corc onunla ağır danışıb, söhbət siyasi çalar alınca Mussolinini təhqir edib, həmin şəxs də “bunun əvəzini çox ağır ödəyəcəksən”, deyib. Corc qəsəbədə yaşayan italyanlarla bu söhbətləri tez-tez edərmiş. Sodderlərin böyük oğlu da yanğından sonra xatırlayıb ki, bir gün yolda avtomobilini saxlamış birisi məktəbdən evə qayıdan bacı-qardaşlarına diqqətlə baxırmış. Yeni İl gecəsi Sodderlərin evinə yanlış bir telefon zəngi də edilib. Onların evdə olub-olmadığını yoxlayırlarmış. Telefon ustası isə naqillərin yanmış deyil, kəsilmiş olduğunu deyib. Alt mərtəbədəki işıqlar da sönməmişdi, yanılı vəziyyətdə idi. Yanğın ümumi elektrik cərəyanından başlamışdısa, digər otaqlarda niyə işıq sönməmişdi? Yaxınlıqda yaşayan bir qadının dedikləri isə ailənin həyatını qaraltdı. Qadın demişdi ki, yanğın zamanı uşaqları bir avtomobilin pəncərəsindən baxarkən görüb. Yaxınlıqda kafe işlədən bir qadın da yanğının ertəsi günü itkin sayılan uşaqları gördüyünü deyib. Belə məlumatlar da vardı ki, itkin düşmüş 5 uşağı bir oteldə iki italyan kişi və qadının müşayətiylə görüblər. Uşaqları fotolardan tanıyan qadın onlarla danışmaq istəsə də italyan kişi və qadın buna icazə verməyib. Ertəsi gün oteldən çıxıb gediblər. Sodderlər ailəsi bu hadisə və uşaqların itkin düşməsiylə bağlı yuxarı orqanlara müraciət etsələr də müsbət cavab almayıblar. Yanğından 20 il sonra - 1968-ci ildə isə ana Jenni şifrəli bir məktub alıb. Məktubda 20 yaşlarında bir oğlanın şəkli vardı. Valideynlər 1945-ci ildə 9 yaşında olan övladları Louisi tanıyıblar. Məktubun göndərilmə ünvanı isə yox idi. Ailə özəl dedektiv kirayələsə də yenə bir xəbər ala bilmədilər. Bundan sonra 5 uşağın fotosu olan lövhəyə Louisin 20 yaşlı şəklini asdılar. Jenni o gündən sonra  ömrünün sonunadək qara libas geyindi. 1989-cu ildə 5 uşağın fotosu olan lövhə də nəhayət endirildi. Ailənin digər üzvləri, indi artıq nəvələr də bu faciəli hadisəni öz aralarında müzakirə edir və bir sonuc əldə etməyə çalışırlar. Uşaqlar həmin gecə ölmədi, qaçırıldılarsa, ailəyə kimsə zərər yetirməsin deyə, özləri haqqında heç bir məlumat vermirlər. Artıq böyümüş və harada olduqları, necə yaşadıqları sirr qalan 5 uşaq hələ də tüstü dumanın arasından görünür.