“Simpsonlar” bunu da bacardı

Məşhur cizgi filminin Ukrayna proqnozu doğruldu 

Lenin yatdığı mavzoleydə “oyanır”, “dirilir”

“Simpsonlar” cizgi filmi gələcəkdə baş verəcək olayları əvvəlcədən təxmin etməsi ilə məşhurlaşıb. Məsələn, Beyrutda baş vermiş partlayış, yaxud hazırda dünyanın başını ağrıdan koronavirusla bağlı mult-dizinin ötən saylarında məlumat verilir. Hətta ABŞ-da prezident seçkiləri sonrası andiçmə mərasimində yaşanan olaylar da qəribə bir şəkildə bu dizidə canlandırılıb. İndi isə “Simpsonlar”ın Rusiya-Ukrayna böhranı ilə bağlı 24 il əvvəlki öngörməsi reallığa çevrilib. Dünya “Simpsonlar”ın gələcək barədə xəbərləri ilə yenə heyrətə düşüb. 

Dizinin 24 il öncəki bölümü “Simpson Tide” adlanır və bu bölümdə Sovetlər İttifaqının yenidən bərpası, yeni bir “soyuq müharibə”nin başlana biləcəyindən bəhs edilir. Həm də bu bölüm çəkilərkən Rusiyada Boris Yeltsin hakimiyyətdəydi və ABŞ-la Rusiya arasında da mehriban münasibətlər vardı. 

Dizinin “Simpson Tide” bölümündə Homer Simpson dəniz donanmasında qulluq etməyə başlayır. Və Rusiya sualtı gəmisiylə savaşa girən bir sualtı gəmidə, guya ki, yanlışlqla peyda olur. Daha sonra BMT səfiri SSRİ-nin dağılmasının, sadəcə bir oyun olduğunu söyləyir. Sonrakı dəqiqələrdə Berlin divarı təkrar dikəlir, Lenin isə yatdığı mavzoleydə “oyanır”, “dirilir”. 

Sosial mediada bu görüntülər “Simpsonlar” Rusiya-Ukrayna böhranını da bildi”, ifadələri altında paylaşılıb. Mult-dizinin həmin bölümündən parçaların təkrar paylaşıldığı indiki məqamda Rusiya Prezidenti Vladimir Putin separatçıların hakimiyyəti zorla ələ keçirdiyi Donetsk və Luqanskın müstəqilliyini tanıdığını elan edib.

 Rus ordusuna isə Ukraynanın şərqinə daxil olmaq əmri verilib. Lakin Qərb bunların aysberqin yalnız görünən üzü olduğunu və rəsmi Moskvanın bundan çox daha böyük bir işğal planlaşdırdığını ehtimal edir. Hətta bütün Ukraynanın işğal edilə biləcəyi narahatlığı vardır. ABŞ-la Rusiya arasında da münasibətlər gərgin durumdadır. 

Bu da dünyanın yeni bir müharibə ərəfəsində olduğunu düşünməyə əsas verir. Vəziyyətin bu dərəcəyə gəlib çıxacağını kimsə təxmin edə bilməzdi. “Simpsonlar”dan savayı!