Rusiyanın Ukraynaya hücumu müttəfiqlərini də narahat edir. Bəs, Rusiyanın yaxın müttəfiqlərinin başlayan hərbi əməliyyata münasibəti necə olacaq? Hansı ölkələr onunla qalacaq, hansılar uzaq durmağa çalışacaq?
“Sherg.az”ın məlumatına görə, "CNN Türk" bu barədə məqalə hazırlayıb.Belə ki, Belarus 1990-cı ildən bəri Rusiyanın ən sadiq müttəfiqlərindən biridir. 2020-ci ilin avqustunda keçirilən mübahisəli prezident seçkilərindən sonra Minsk Moskvaya yaxınlaşıb və bir çox belaruslu dissidentin qaçdığı qonşusu Ukraynadan uzaqlaşıb. Belarus Ukrayna münaqişəsində Moskvanın tərəfində olub. Belarusun həm də ən mühüm ticarət tərəfdaşı olan Moskva təkcə xam neft və təbii qazın əsas tədarükçüsü deyil. Rəsmi Minsk həm də 2015-ci ildə yaradılmış Avrasiya İqtisadi İttifaqı və Rusiyanın rəhbərlik etdiyi hərbi alyans olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ( KTMT) vasitəsilə Rusiya ilə bağlıdır. Sözügedən hərbi alyansa Ermənistan, Qazaxıstan və Qırğızıstan da daxildir.
Qazaxıstan da V.Putin üçün Rusiyanın “ən yaxın strateji” müttəfiqlərindən və tərəfdaşlarındanfıt. V.Putin bu tərifdən 2015-ci ilin oktyabrında yaradılan Rusiyanın “Naşi” gənclər hərəkatının toplantısında istifadə edib. Qazaxıstanın Rusiya ilə dərin əlaqələri ilin əvvəlində Almatıda keçirilən hökumət əleyhinə nümayişlərdə də özünü büruzə verdi. Putin Qazaxıstan prezidenti Kasım Comert Tokoyevə dəstək üçün ölkəyə rus qoşunlarını göndərib.
Rəsmi Nur-Sultan isə Rusiyanın Donetsk və Luqanskın “xalq respublikaları” kimi tanınması qərarında neytral qalmağa çalışıb. Qazaxıstanın xarici işlər naziri Muxtar Tileuberdi, "Qazaxıstanın Luqansk və Donetski tanıyıb-tanımayacağı məsələsi gündəmimizdə deyil. Biz beynəlxalq hüququn əsas prinsipləri və Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsi əsasında hərəkət edirik" dedi. Ərazi baxımından dünyanın 9-cu böyük ölkəsi olan, eyni zamanda zəngin neft və təbii qaz ehtiyatlarına malik Qazaxıstanla tərəfdaşlığın mühüm geosiyasi və iqtisadi səbəbləri var. Rəsmi Moskvanən “Qazprom” enerji şirkətinin boru kəmərlərinin əhəmiyyətli hissəsi Qazaxıstan ərazisindən keçir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatlarına görə, rəsmi Nur-Sultan 2019-cu ildə Rusiyadan 14 milyard dollar idxal edərək, Rusiyanı Çin, Cənubi Koreya, Almaniya və İtaliyanı qabaqlayaraq ən əhəmiyyətli ixracatçı ölkə edib.
Fevralın əvvəlində Pekində keçirilən görüşdə Rusiya və Çin Qərbə qarşı çiyin-çiyinə durmağa cəhd ediblər. Bununla belə, Çindən gələn bəyanatlar indi bir qədər dəyişib. BMT Təhlükəsizlik Şurasının 22 fevral 2022-ci il tarixində keçirilən fövqəladə Ukrayna sessiyasında Çin müttəfiqi Rusiyanın tərəfini tutmadı, əksinə, hamını təmkinli davranmağa çağırdı. Moskva ilə Pekin arasında münasibətlərdə fərqli balans var. Çin Rusiya üçün daha vacibdir. Rusiyanın xarici ticarətinin beşdə biri Çinin payına düşdüyü halda, Çinin xarici ticarətində Rusiyanın payı cəmi 2,4 faizdir. Digər tərəfdən, Rusiya ilə Çin arasında ikitərəfli ticarət həcmi 2021-ci ildə yüzdə 36 artaraq 147 milyard dollara çatıb. Müqayisə üçün: 2020-ci ildə Rusiya ilə Aİ arasında ticarət dövriyyəsi 174 milyard avro olub.
Ermənistanda isə ikili münasibət var. Qafqazdakı keçmiş sovet respublikası iqtisadi cəhətdən Rusiyadan asılıdır və onun Kremllə sıx əlaqələrinin qayğısına qalır. Qazaxıstan kimi Ermənistan da Avrasiya İqtisadi İttifaqının və KTMT üzvüdür. Ermənistanın enerji ehtiyacının 80%-i Rusiyanın əlindədir. Almaniyanın GTAI xarici iqtisadiyyat portalının məlumatına görə, Rusiya Ermənistanın həm idxalında, həm də ixracında birinci yerdədir. Ermənistan 2018-ci ildə “məxməri inqilab” adlandırılan etirazlardan sonra Qərblə yaxınlaşmağa çalışır. Ermənistan Avropa Şurasının üzvü kimi Avropa İnsan Haqları Konvensiyasının iştirakçısıdır və 2017-ci ildə Avropa İttifaqı ilə tərəfdaşlıq sazişi imzalayıb. Rəsmi İrəvan həmçinin Donetsk və Luqanskın “xalq respublikaları” kimi tanınmasının onun siyasi gündəmində olmadığını bildirib.
Serbiya prezidenti Aleksandar Vucic ölkədə aprelin 3-də keçiriləcək erkən seçki kampaniyasında Moskvadan kömək alır. KİV-in məlumatına görə, may ayına qədər Serbiya Rusiyadan təbii qazı endirimlə alacaq. Vuçiç də bir çox serblər kimi Rusiyanı özünün “böyük qardaşı” kimi görür. İki ölkə arasındakı bağın göstəricisi Serbiyanın ilk Avropa ölkəsi olaraq Avrasiya İqtisadi Birliyi ilə 25 oktyabr 2019-cu ildə imzaladığı azad ticarət sazişidir. Lakin Belqrad da Rusiya ilə siyasi və mədəni əlaqələrinə baxmayaraq, ikili yolla gedir. Rəsmi Moskvanın 2014-cü ildə Krımı ilhaq etməsindən sonra Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən imtina etsə də, Kremlin Donetsk və Luqanskı tanımaq qərarına daha ehtiyatlı yanaşır. Vuçiç “Moskva Tayms” qəzetinə deyib ki, “Avropaya gedən Serbiya Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, baxmayaraq, əhalisinin 85 faizi Rusiyanın tərəfindədir”. Serbiya hələ də Avropa Birliyinə tam namizəd ölkələrdən biridir. Hökumət Moskvadan iqtisadi asılılığını da azaltmağa çalışır. Bu səbəbdən o, Serbiyanı Yunanıstanın qaz şəbəkəsinə birləşdirəcək yeni boru kəməri çəkməyi planlaşdırır.
Braziliya prezidenti Jair Bolsonaronun Ukrayna böhranı fonunda fevralın 15-də Moskvaya səfəri nümayiş etdirdiyi kimi, Cənubi Amerikanın bir çox ölkəsində Putinə rəğbət var Amma Rusiyanın regionda ən yaxın müttəfiqi Venesueladır. Venesuela prezidenti Nikolas Maduro fevralın 19-da verdiyi bəyanatda Rusiyanı dəstəklədiyini rəsmən açıqlayıb. Moskva ilə Karakas arasında sıx münasibətlər hərbi və iqtisadi əməkdaşlığa əsaslanır. Rusiya 2006-cı ildən bəri Karakasa təxminən 17 milyard dollar borc verib və bu, Venesuela hökumətini ən böyük kreditorlarından birinə çevirib. Kreditin böyük hissəsi də Rusiya silahlarının alınmasına sərf edilib. Rusiya həmçinin Venesuelada dünyanın ən böyük neft ehtiyatlarına nəzarəti təmin etməyi hədəfləyir. Məsələn, Rusiyanın “Rosneft” şirkəti 2017-ci ildə 51 faiz səhmlərinin sahibi olduğu Venesuelanın PDVSA neft şirkəti ilə əməkdaşlığa başlayıb.