Rusiya millisi dünya çempionatından da məhrum edildi - YENİLƏNİB


Beynəlxalq Voleybol Federasiyası (FIVB) bu ilin 26 avqust - 11 sentyabr tarixlərində keçirilməsi planlaşdırılan kişilər arasında dünya çempionatını Rusiyanın əlindən alıb.

Oxu.Az xəbər verir ki, bu barədə FIVB-in İdarə Heyəti qərar qəbul edib.

Qərarın nəticəsi Rusiya Voleybol Federasiyası və yerli Təşkilat Komitəsinə də çatdırılıb. FIVB dünya çempionatı üçün alternativ ölkə və ya ölkələr axtaracağını elan edib.

Qeyd edək ki, daha əvvəl Avropa Voleybol Konfederasiyası (CEV) Rusiya və Ukraynada CEV bayrağı altında keçiriləcək voleybol, çimərlik voleybolu və qar voleybolu üzrə yarışların baş tutmayacağını açıqlayıb. Bundan əlavə, cari avrokubok mövsümünün qalan hissəsində Rusiya və Ukrayna klubları öz ev oyunlarını neytral meydanda keçirməli olacaq.

Səbuhi Musa

14:38

Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına görə beynəlxalq idman assosiasiyaları tərəfindən rusiyalı hərbçilərə qarşı qadağalar davam edir. 

Ümumdünya Boks Assosiasiyası (WBA) öz saytında Rusiya və Belarus döyüşçülərinin reytinq siyahılarından çıxarılacağını bildirib. Ancaq hazırkı dünya və ya ayrı-ayrı regionların çempionları statuslarını saxlayacaq.

Beynəlxalq Konkisürmə İttifaqı (ISU) Rusiya və Belarus idmançılarını himayəsi altında keçirilən yarışlardan uzaqlaşdırıb.

Norveç Xizək Assosiasiyası Rusiya idmançılarının Dünya Kubokunda iştirakına icazə verməkdən imtina edib. Qurumun nümayəndələri artıq Beynəlxalq Xizək Federasiyasına məlumat veriblər ki, onların hansı qərara gəlməsindən asılı olmayaraq, Drammen və Osloda planlaşdırılan yarışlar Rusiya və belaruslu idmançıların iştirakı olmadan keçiriləcək.

10:28

Rusiya daha bir idman növündə bütün yarışlardan məhrum edilib.

Oxu.Az xəbər verir ki, Ümumdünya Çimərlik Futbolu (BSWW) Rusiyanı Ukraynaya qarşı təcavüzə görə bütün yarışlardan kənarlaşdırıb.

Bunun FIFA və Beynəlxalq Olimpiya Komitəsinin Rusiya barədə verdiyi qərara dəstək olaraq edildiyi vurğulanıb. BSWW 2022-ci il mövsümü üçün təqvimi yenidən quracağını açıqlayıb.

Qeyd edək ki, Rusiya millisi çimərlik futbolunda dünyanın ən güclülərindən hesab olunur.