"Artıq Belarusa qarşı müəyyən sanksiyalar tətbiq olunub. Ancaq həmin sanksiyalar Rusiya ilə müqayisədə o qədər də ağır deyil. Belarus ordusunun Ukrayna ərazisinə daxil olduğu barədə məlumatlar yayıldı. Rəsmi Minskin də ABŞ və Qərbin hədəfinə gələ biləcəyi tamamilə inandırıcı görünür".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Ekspertin sözlərinə görə, yaxın günlərdə rəsmi Minskin daha ağır sanksiyalara məruz qala biləcəyi istisna deyil:
"Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin Ukraynaya qarşı Rusiyanın hərbi əməliyyatlarında iştirakını israrla inkar etməyə çalışır. Lakin indiki halda, belə təkziblərlə Belarusu beynəlxalq sanksiyalardan xilas etmək o qədər də asan başa gəlməyəcək. Çünki rəsmi Kiyev Belarus qoşunlarının Ukrayna ərazisinə daxil olduğunu artıq bəyan edib. Əgər, peyk görüntüləri ilə məsələ təsdiqlənərsə, Belarusun Rusiya ilə yanaşı, daha ağır sanksiyalara məruz qalması qaçılmaz ola bilər. Rusiya qoşunları məhz Belarus ərazisindən daxil olaraq, paytaxt Kiyevə doğru hücuma keçib. Bu isə Belarusu ABŞ və Qərbin hədəfinə çevirmək üçün tamamilə yetərli görünür".
Analitikin sözlərinə görə, rəsmi Minskin beynəlxalq sanksiyalardan yayınması üçün Belarusun Rusiyadan uzaqlaşması tələb edilə bilər:
"Əgər, rəsmi Minsk tələblə razılaşarsa, onda, Rusiya qoşunlarını Belarus ərazisindən çıxarmalı olacaq. Öz ərazilərindən Ukraynaya qarşı hərbi addımların atılmasının qarşısını almaq məcburiyyətində qalacaq. Belə olarsa, Belarus Kremlin qəzəbi ilə üzləşəcək. Bütün bunları nəzərə aldıqda, Belarusun kifayət qədər qəliz situasiyaya düşmək üzrə olduğu qətiyyən şübhə doğurmur".
Qeyd edək ki, Rusiya qoşunları Belarus ərazisindən Ukraynaya hücum edib. Prezident Aleksandr Lukaşenko isə Belarus ordusunun Rusiyanın Ukraynadakı əməliyyatında iştirak etmədiyini bildirib.