Dünya bu hadisə və fotodan DANIŞIR

Rusiyanın paytaxtı Moskvada Ukraynaya dəstək üçün aksiya keçirən 2 ana və uşaqları rus polislər tərəfindən saxlanılıb. Polis bölməsinə aparılan azyaşlıların şəkilləri dünya mediasında böyük ajiotaja səbəb olub.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Yekaterina Zavizion və Olqa Alter adlı iki ananın məqsədi  Sonya, David, Matvey, Liza və Qoşa adlı uşaqları ilə birlikdə Ukrayna səfirliyi binasının qarşısında Ukraynaya dəstək nümayiş etdirmək olub. Ən kiçiyinin 7, ən böyüyünün isə 11 yaşı olan uşaqlar əllərində “Müharibəyə yox” yazılmış plakatlar daşıyaraq səfirliyin binası önünə gül dəstələri qoyublar.

Bu əsnada ətrafda təhlükəsizlik tədbirləri alan Rusiyaya məxsus polis qrupları 2 ana və 5 uşağı saxlayaraq polis bölməsinə aparıb. Verilən məlumata görə, polis bölməsinə aparılan qadın və uşaqlar sorğu-sual edildikdən sonra sərbəst buraxılıblar.

Uşaqların saxlanması Rusiya və dünyada böyük əks-səda doğursa da, Rusiya Daxili İşlər Nazirliyi hadisə ilə bağlı hələlik açıqlama verməyib.

Çimnaz Şahlar