ABŞ-ın Rusiyaya qarşı sanksiyalarında nəyin istisna olunduğu açıqlanıb


ABŞ-ın Rusiyadan enerji daşıyıcıları idxalına qadağası urana şamil edilmir.

Bu barədə “Reuters” öz mənbələrinə istinadən xəbər verib.

“ABŞ-ın enerji sənayesi Rusiya, həmçinin onun müttəfiqləri olan Qazaxıstan və Özbəkistandan asılıdır, çünki ABŞ atom elektrik stansiyalarında istifadə olunan uranın təxminən yarısı bu ölkələrdən alınır”, - deyə materialda bildirilir.

Agentliyin məlumatına görə, bu səbəbdən enerji sənayesinin nümayəndələri Ukraynada keçirilən xüsusi əməliyyatlara baxmayaraq, Rusiyadan uranın idxalına qadağa qoyulmasına qarşıdırlar.

“Ağ Evin Rusiyadan enerji daşıyıcılarına tətbiq etdiyi qadağa ilə bağlı dərc edilən sənəddə urandan bəhs edilmir ki, bu da həmsöhbətimizin məlumatını təsdiqləyir”, - deyə “Reuters”də vurğulanıb.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Co Bayden Ukraynadakı vəziyyətlə əlaqədar Vaşinqtonun Rusiyadan enerji daşıyıcıları idxalına qadağa qoyduğunu bəyan etmişdi.