Savaş bitdikdən sonra... -“Ukrayna iki hissəyə bölünəcək” – AKTUAL ŞƏRH  

“Fikrimcə, Ukraynanın şərq hissəsi Rusiyaya birləşdirildikdən sonra orada xırda qondarma dövlətlər yaradılacaq”

“Moskva Avropa ilə Ukrayna arasında bufer zona yaratmaqla, Kiyevi Qərb dövlətlərindən təcrid etmiş olacaq”

“Savaş bitdikdən sonra isə şərqi və qərbi Ukrayna formalaşacaq. Dnepr çayı şərq və qərb arasında sərhəd olacaq”


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya şəhərində Ukrayna və Türkiyə XİN başçıları ilə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuat konfransında çıxış edib. Rusiya XİN rəhbərinin Ukrayna ilə bağlı verdiyi açıqlamalar insanlarda qəzəb doğurub.

Lavrov Ukraynaya hücum etmədiklərini bildirib: 

“Digər ölkələrə hücum etmək fikrimiz yoxdur. Heç Ukraynaya da hücum etməmişik. Sadəcə xəbərdarlıq edirik”.

Həmçinin rusiyalı diplomat qeyd edib ki, hazırda Ukraynada hərbi əməliyyatlar plan üzrə davam edir:

“Bütün əməliyyatlar plan üzrə gedir. Bizim Qərb həmkarlarımız bütün prinsipləri tapdalayaraq Ukraynaya ölümcül silah göndərirlər”.

Lavrovun açıqlamasındakı mesajı "Sherg.az"a şərh edən tanınmış jurnalist, siyasi analitik Fuad Abbasov bildirib ki, Lavrov Putinin fikirlərini təkrarlayıb:

“Lavrovun bu açıqlaması Putinin 21 fevral 2022-ci ildə Luqansk və Donetsk bölgələrinin “müstəqilliyinin” tanınması ərəfəsində verdiyi açıqlamaya bənzəyir. 

Putin demişdi ki, ümumiyyətlə, Ukrayna deyilən bir ölkə yoxdur. Bu, Sovet İttifaqının Ukraynaya hədiyyəsi olub. Belə bir ölkənin qurulması səhv idi. Həmçinin o vurğulamışdı ki, Leninin, bolşeviklərin buraxdığı səhvi düzəldəcək”.

Ekspertin fikrincə, Ukrayna iki hissəyə bölünəcək:

Fikrimcə, Ukraynanın şərq hissəsi Rusiyaya birləşdirildikdən sonra orada xırda qondarma dövlətlər yaradılacaq. Moskva Avropa ilə Ukrayna arasında bufer zona yaratmaqla, Kiyevi Qərb dövlətlərindən təcrid etmiş olacaq. Savaş bitdikdən sonra isə şərqi və qərbi Ukrayna formalaşacaq. Dnepr çayı şərq və qərb arasında sərhəd olacaq”.

Xanlar ƏLİBƏY