İki şəhərdə həyat sönüb

Qlobal istiləşmə Yer kürəsinə təsirini artırıb

Qlobal istiləşmə, iqlim dəyişikliyi Yür kürəsində təsirlərini getdikcə daha çox bəlli edir. Planetin bəzi yerlərində buzlaqlar əriyir, bəzi yerlərdə isə dözülməz istilər yaşanır. Qlobal istiləşmə səbəbindən 2 şəhər – Pakistanın Sind əyalətindəki Cakobabad və Birləşmiş Ərəb Əmirliklərinin Şariqa şəhəri insan həyatı üçün təhlükəli şəhərlər sırasına daxil edilib. Bu şəhərlərdə yaşamaq ölümcüldür. 

Bu barədə ingilis mediası “Telegraph”da məlumat dərc edilib. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, “Telegraph”ın yazdığına görə yuxarıda adları çəkilən 2 şəhər kəskin isti iqlim şəraitinə görə insan yaşayışı üçün uyğunsuz elan edilib. Pakistanın şərqində yerləşən Sind əyalətinin mərkəzi hissəsindəki Cakobabad şəhərində havanın temperaturu 52 dərəcə istini göstərir. Şəhər yaranışından bu yana ən qovurucu tarixini yaşayır. Şəhərin təxminən 2 milyon əhalisi var. Burada artıq il boyu havanın temperaturu 50-52 dərəcədən aşağı enmir. İl boyu, demək olar, yalnız yay fəsli hökm sürür. Bu da insan həyatı üçün böyük təhdiddir. 2021-ci ildən başlayaraq şəhər sakinləri dəhşətli istilərə artıq dözə bilmir və şəhəri tərk edənlərin sayı getdikcə artır. Varlı, imkanlı ailələr kondisioner istifadə edir və isti ilə mübarizə apara bilirlər. Bununla yanaşı varlı ailələr də hava şəraiti daha münasib olan bölgələrə köçür. Yoxsulların isə istidən qorunmaq üçün heç bir imkanları, vasitələri yoxdur. Buna görə də əhali dəniz sahilindəki Karaçi və ya Quetta şəhərlərinə köç edir. Köç dalğasının Asiya və Afrika ölkələrində axın şəklini alacağı proqnozlaşdırılır. 

BƏƏ-nin Şariqa şəhəri də eyni durumdadır. Şariqa Bəsrə körfəzinin sahilində yerləşir. Şəhər son illərdə inkişaf edib və saysız-hesabsız göydələnlər ucalır. Həm də bu şəhər son illərdə ciddi iqlim dəyişikliyi problemi ilə üz-üzədir. Burada da havanın temperaturu il ərzində 50 dərəcə istidən aşağı düşmür. Bu səbəbdən də daha çox insanın şəhəri tərk etdiyi bildirilir. Bir neçə gün öncə Dubay şəhərinə yağdırılan süni yağış Şariqa sakinlərinə də ümid verib. Şəhər sakinləri süni yağış hesabına temperaturun azacıq da olsa mülayimləşəcəyinə ümid bəsləyir. Əks halda şəhərdə bir nəfər də qalmayacaq.