Ukraynalı qadının göz yaşları...

"Anam, atam “biz Vətən xaini deyilik” dedilər..."

"Ailəm qəhrəmandır. Evimə, həyat yoldaşıma qovuşdum. Ancaq qəlbim, ruhum Ukraynadadır"
 
Valideynlərini ziyarət etmək üçün Türkiyədən  Ukraynaya getmiş gənc qadın Shizhana Bora özüylə apardığı yaş yarımlıq qızı ilə müharibənin cənginə düşüb. Gənc qadın həftələr sonra, nəhayət, Türkiyəyə qayıda bilib. Həyat yoldaşı Kutsal Boraya və evinə qovuşub. Shizhana Ukraynada baş verənlər barədə İHA müxbirinə danışıb.

“Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, gənc qadın valideynləri – 48 yaşlı anası və 52 yaşlı atasına Türkiyəyə getməyi təklif etdikdə, onlar  Ukraynanı tərk etməyəcəklərini deyiblər: “Anam hərbi hospitalda çalışan həkimlərə yardım edir, həm də yaralılar üçün yemək bişirir. Anamı da, atamı da Türkiyəyə dəvət etdim. Ancaq onlar “hər kəs çıxıb gedərsə, bəs Vətəndə kim qalacaq?  Taleyimizə nə yazılıbsa, onu da yaşayacağıq. Gərəkirsə, barada öləcəyik, amma Vətənimizi tərk etməyəcəyik”, dedilər. Anam dedi ki, qızım, sənin övladın var, sən qayıt. 

Bizsə, burdakı övladlarımıza, əsgərlərimizə yardım edəcəyik”. Shizhana deyib ki, atası da cəbhəyə gedib, ondan hələ də bir xəbər ala bilməyiblər.  Türkiyə vətəndaşı ilə evli olan gənc qadın evinə döndüyü üçün özünü xoşbəxt hiss etdiyini deyib, lakin əlavə edib ki, qəlbi, ruhu Ukraynadadır: “Ailəm qəhrəmandır. Evimə, həyat yoldaşıma qovuşdum. Ancaq qəlbim, ruhum Ukraynadadır. Əhalini, uşaqları öldürürlər. Amma biz güclü ölkə, güclü millətik. 

Bu müharibə sona çatmadan rahatlığımız olmayacaq. Sülh üçün nə lazımdırsa, onu edək”.