Zaman Rusiyanın əleyhinə işləyir! - “Vaxt keçdikcə Kreml daha çətin vəziyyətə düşür”

“Eyni zamanda, vaxtın uzanması Ukraynaya öz qüvvələrini yenidən cəmləşdirmək imkanları da aça bilər” 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RBK” telekanalına müsahibəsində bildirib ki, hazırda Ukrayna ilə danışıqlar asan keçməsə də, kompromis əldə etməyə ümidlər var:
 “Rusiya gələcəkdə Ukrayna tərəfi ilə təmaslara hazır olacaq, lakin əlavə dəyərin nə olacağını başa düşmək lazımdır”.
Onun sözlərinə görə, Türkiyənin Antalya şəhərində aparılan danışıqlarda  Ukraynanın XİN başçısı Dmitro Kuleba heç bir yeni ideya irəli sürməyib.

Siyasi şəhçi  Elçin Xalidbəyli  S.Lavrovun açıqlamasını “Sherg.az”a şərh edərkən bildirib ki, son müşahidələr həm Rusiya, həm də Ukraynanın savaşı davam etdirmək imkanlarını itirmək üzrə  olduğunu göstərir: 

“Ona görə də indi Kreml və rəsmi Kiyev qarşılıqlı olaraq, anlaşma cəhdləri göstərirlər. Rusiyanın xarici sanksiyalar ucbatından olduqca uğursuz duruma düşdüyü və getdikcə zəiflədiyi artıq inkar edilməz reallıqdır. Üstəlik, savaş uzandıqca sanksiyaların, eləcə də hərbi uğursuzluqların nəticələri Rusiyanın daxilində müəyyən problemlər yaratmağa başlayıb. 

Kreml belə vəziyyətin yaxın vaxtlarda Rusiyada Putin hakimiyyətinə qarşı kütləvi etiraz aksiyalarını gücləndirə biləcəyini anlayır. Çünki Rusiyanın ciddi maliyyə-iqtisadi problemlərlə üzləşməyə başladığını yerli ekspertlər də könülsüz də olsa, etiraf edirlər. Bir müddətdən sonra Rusiyanın Ukrayna savaşını davam etdirmək üçün vacib olan daxili resursları tamamilə tükəndirə biləcəyi də qətiyyən istisna deyil”. 

Analitikin fikrincə, indi Kreml ehtiyat variant kimi sülh danışıqları xəttini inkişaf etdirməyə çalışır, Rusiyanı bu savaşdan nisbi qalib statusunda çıxartmağa cəhd göstərir: 

“Əsas hədəf ondan ibarətdir ki, Rusiyanın sülh şərtləri qəbul edilsin, güzəştlər məhz Ukrayna tərəfindən edilsin. Kremlin şərtləri Krım yarımadasının Rusiya ərazisi kimi tanınması, Donbas separatçılarının “müstəqilliyinin” qəbul edilməsi və Ukraynanın NATO üzvlüyündən imtina edərək, neytral dövlət statusu qazanması ilə bağlıdır. 

Göründüyü kimi, rəsmi Kiyev Kremlin bu şərtlərini qəbul edərsə, Ukraynanın parçalanması və ölkənin Rusiya ilə savaşda tam kapitulyasiya etməsi anlamı daşıyacaq. Ona görə də  Ukrayna prezidenti Zelenskinin Kremldən irəli sürülən bu şərtlərə boyun əyəcəyi hələlik qətiyyən inandırıcı görünmür”.

E.Xalidbəylinin qənatincə, hazırda böyük ehtimalla Rusiya ilə sülh danışıqlarında rəsmi Kiyevin əsas hədəfi vaxt qazanmaqdan ibarətdir: 

“Çünki zaman  Rusiyanın əleyhinə işləyir. Ola bilər ki, rəsmi Kiyev vaxt keçdikcə Kremlin daha çətin vəziyyətə düşərək, öz şərtlərini ciddi şəkildə yumşalda biləcəyinə ümid bəsləyir. Eyni zamanda, vaxtın uzanması Ukraynaya öz qüvvələrini yenidən cəmləşdirmək imkanları da aça bilər”. 

Analitikin sözlərinə görə, rəsmi Kiyevin Rusiya ilə sülh danışıqlarına başlamasında ABŞ və Qərbə yönəlik  xəbərdarlıq mesajı da var:

 “O ABŞ və Qərbin Ukraynaya verdiyi hərbi dəstəyin səviyyəsindən qətiyyən məmnun deyil. Ona görə də, rəsmi Kiyev ABŞ və Qərbə xəbərdarlıq edir ki,əgər Ukraynaya hərbi, eləcə də maliyyə dəstəyi gücləndirilməzsə, Ukrayna Rusiya ilə anlaşıb, savaşı dayandırmaq məcburiyyətində qala bilər. 

Çünki rəsmi Kiyev ABŞ və Qərbin Ukrayna savaşının mümkün qədər uzadılmasında maraqlı olduğunu tam dəqiqliyi ilə bilir. Bu baxımdan indiki vəziyyətdə ABŞ və Qərbin rəsmi Kiyev və Kreml arasındakı danışıqların pozulması,Ukrayna savaşının Rusiyanın tam zəiflədilməsinə qədər davam etməsinə nail olmaq üçün əlindən gələni edəcəyi də qətiyyən şübhə doğurmur”.