Putinin müharibəsi... - Prezident rus xalqının ayağa qalxmasından çəkinir

Ona görə sadə insanları "beşinci kolon" adlandıraraq onların gözlərini qorxudur

"Rusiya Müdafiə Nazirliyinin Ukraynada taktikası tamamilə özünü doğruldub".
Bunu Rusiya Prezidenti Vladimir Putin iqtisadi-sosial sahə ilə bağlı keçirdiyi müşavirədə çıxışı zamanı deyib. 
Putin həmçinin bildirib ki, Qərb Rusiya cəmiyyətini “beşinci kolon”un əli ilə parçalamağa çalışır. 
Onun sözlərinə görə, Qərbin əsas ümidi xaricdə yaşayan milli satqınlardır.

Putinin çıxışını “Şərq”ə təhlil edən politoloq Əlimusa İbrahimov bildirib ki, müharibə aparan istənilən ölkədə proses uzandıqca narazılıqlar artır: “Lakin Rusiyada vəziyyət daha ciddi və fərqlidir. Çünki onun müharibə apardığı ölkənin xalqı uzun müddətdir birlikdə yaşadığı qardaş millətdir. Buna görə də müharibənin başladığı gündən ölkənin müxtəlif şəhərlərində etiraz aksiyaları keçirilməyə başladı. İlk günlərdən bəzi yerlərdə 700, bəzilərində isə 5000-ə qədər insan həbs olunurdu. Üstəlik, həmin günlərdə durum çox ciddi deyildi və iqtisadi vəziyyət pisləşməmişdi. Putin və onun ətrafındakılar savaşın bu qədər uzanacağını təxmin etmirdi. Ona görə də buna hərbi, siyasi və iqtisadi baxımdan hazırlıqsız idilər. Eyni zamanda onlar sanksiyaların bu səviyyədə olacağını gözləmirdilər. 

Hazırda Rusiyaya total sanskiya tətbiq olunur. Yəni Rusiyada xariclə azad ticarət edən sahə yoxdur. Bu da insanların maddi vəziyyətinin pisləşməsinə səbəb oldu. Bundan sonra müharibəyə qarşı olanlarla yanaşı iqtisadi vəziyyətin pisləşməsinə etiraz edənlər də küçələrə axışmağa başladı. Təbii ki, bunun qarşısını müəyyən tədbirlərlə almaq lazımdır. Ona görə də Vladimir Putin çıxışında bu məsələləri nəzərə çatdırdı və görülən tədbirlər haqqında məlumat verdi. Bu zaman Putin bir əlində kökə, digər əlində qamçı tutmuşdu. O, birdən-birə insanları hədələyə bilməzdi. Eyni zamanda insanlara maddi vəziyyətinin yaxşılaşdırılması üçün iqtisadi preferensiyalar verməli idi. 

O bildirdi ki, biz savaşı başlamışıq və hər şey nəzərdə tutduğumuz kimi gedir. Qərb bizə "beşinci kolon"un vasitəsilə təzyiq göstərsə də, insanların əziyyət çəkməsinə icazə verməyəcəyik”. 

Politoloqun sözlərinə görə, Rusiyada küçələrə çıxıb etiraz edən hər kəs Qərbin "beşinci kolon"u adlandırılır: “Ancaq bu, düzgün qiymətləndirmə deyil. 

Çünki Amerikanın, Almaniyanın xəritədəki yerini bilməyən etirazçılar var. Müharibə şəraitində olan ölkədə bu normaldır. Ancaq yaxın günlərdə Rusiyanın aparıcı televiziyasında redaktorun müharibəyə qarşı şüarlar səsləndirməsi etirazçı qüvvələrin getdikcə artmasının sübutudur. 

Bu artım Putini narahat edib. Buna görə, sadə insanları "beşinci kolon" adlandırmaqla həmin şəxslərə xəbərdarlıq edir, qorxudur və nümayişlərə qatılmaqdan çəkinməyə çağırır”.