Bu gün ABŞ prezidenti Co Bayden və Çin Xalq Respublikasının sədri Si Cinpinin telefon danışığı gözlənilir.
“Sherg.az” xəbər verir ki, liderlərin görüşündən əvvəl Pekində kameralar qarşısına keçən Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian mətbuat mənsublarının suallarını cavablandırıb.
O, Çinin bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini bildirib:
“Çin BMT Nizamnaməsinin prinsiplərinə sadiq qalaraq və qanuni təhlükəsizliyə əhəmiyyət verərək, hər zaman bütün ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət etməyə sadiq olub. Çin böhranı sülh yolu ilə sona çatdırmağa çalışır, həlli üçün səylərin dəstəklənməsi və insan vəziyyətinin asanlaşdırılmasının tərəfdarıdır”.
Çinin rəftarının ədalətli, obyektiv və mübahisəsiz olduğunu dilə gətirən Çin sözçüsü ABŞ-ın onlara təzyiq göstərdiyini vurğulayıb:
"ABŞ Ukrayna böhranında yanğını alovlandırmaq əvəzinə, öz öhdəliklərini götürməli və vəziyyəti yüngülləşdirmək və problemi həll etmək üçün konkret addımlar atmalıdır. Ukraynaya silah əvəzinə qida lazımdır. ABŞ Ukraynaya hərbi yardım göndərməklə sülhə nail ola bilməz”.