“Biz Rusiya ilə Ukrayna arasında həm regionumuzun, həm də dünyanın təhlükəsizliyinə ciddi təhdid yaradan hadisələri diqqətlə izləyirik”.
“Report” xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr müşavirliyinin nümayəndəsi mayor Pınar Kara aprelin 1-də keçirdiyi brifinqdə deyib.
“Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə, beynəlxalq hüquqa zidd olan bu vəziyyətin diplomatik yolla həllinə çağırışımızı bir daha təkrarlayır, itkilərin qarşısını almaq, əmin-amanlıq və sabitliyin təmin edilməsi üçün təcili atəşkəs elan edilməsinin vacibliyini vurğulayırıq”, - nazirlik rəsmisi vurğulayıb.
Onun sözlərinə görə, Qara dənizdə təhlükəsizliyin təmin edilməsi üçün Montrö Konvensiyası ilə müəyyən edilmiş status-kvo qorunmalıdır: "Türkiyə konvensiyanı hər zaman diqqətli, məsuliyyətli və qərəzsiz həyata keçirib. Mövcud şəraitdə Montrö Konvensiyası şəffaf şəkildə həyata keçiriləcək və müqavilənin tələblərinin yerinə yetirilməsi davam etdiriləcək”.
O bildirib ki, Türkiyə üzvlüyünün 70-ci ildönümündə də NATO-nun dəyərlərini və məsuliyyətlərini bölüşməyə və Alyansın ikinci böyük ordusu olaraq təhlükəsizliyinin qorunmasının mərkəzində olmağa davam edəcək.