Vəsiyyəti ilə gündəmə gəlib

Məşhur prodüser sərvətini sahibsiz itlərin saxlandığı sığınacaqlara bağışladı

 Dünyanın müxtəlif ölkələrinin televiziyalarında yayımlanan populyar musiqi və istedad yarışmaları layihələrinin prodüseri Simon Covell bu dəfə vəsiyyəti ilə gündəmə gəlib. Prodüser malik olduğu sərvətindən 20 milyon sterlinqin dünyanın bir neçə ölkəsində köpək sığınacaqlarına veriləcəyini açıqlayıb. 

“Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, prodüserin ötən il elan edilən sərvəti  600 milyon dollar təşkil edir. İngiltərə mətbuatı  S.Covellin sərvətinin 20 milyon sterlinqini sahibsiz itlərin saxlandığı sığınacaqlara bağışlayacağını yazır.  Sığınacaqlar arasında Londondakı iki sığınacaq və Barbadosdakı K9 adlı cəmiyyətlər də var.

 Məşhur prodüserin və sevgilisi Lauren Silvermanın evində 4 it bəslənir. Prodüserin vəsiyyətini belə erkən tərtib etməsinin səbəbi isə ötən il elektrikli velosiped sürərkən qəzaya uğramasıdır. 

Bu qəza nəticəsində S.Covel 6 saat əməliyyat keçirmişdi.  Xatırladaq ki, S.Covel məşhur "The X Faktor", "Pop İdol", "America Got Talent", "Britain Got Talent" kimi realiti-şouların prodüseridir.