Anadolunun qəlbi Afrikada döyünür


Uşaqlar şalvar geyinib yallı getdi 

Türkiyəli aqronom Malavi ölkəsində yoxsulluq içində yaşayan ailələr və uşaqlarla görüşüb, onları ağac, çiçək əkini kampaniyasına qoşub

   Türkiyəli aqronom Mərvə Gülüstan Aydın “Qəlbimdəki təbiət” layihəsi çərçivəsində bu dəfə Afrikaya səfər edib. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki,  M.Aydın Afrikanın cənub-şərqindəki Malavi ölkəsində yoxsulluq içində yaşayan ailələr və uşaqlarla görüşüb, onları ağac, çiçək əkini kampaniyasına qoşub. 

Afrikalı uşaqlarla əyləncəli zaman keçirən Mərvənin sosial şəbəkədə paylaşdığı video maraqla qarşılanıb.  Ehtiyac içində ömür sürən afrikalı uşaqların üzünü güldürdüyü üçün Mərvə Aydına minlərlə insan təşəkkür edib.

 Layihə haqqında danışan  M.Aydın “Dreams Of Children Foundation” vasitəçiliyi ilə Afrikaya səfər etdiyini deyib: “Malavinin 19 milyon əhalisi var. Xalq çox yoxsuldur. Dərnəyimiz Malavidə iqtisadi dirçəlişə nail olmaq, uşaqlar üçün məktəblər inşa etmək, əhalinin gəlirlərinin artması üçün müəssisələr açmaq və daha bir neçə belə faydalı işlə məşğul olur. Mən də dərnəyin işinə “Qəlbimdəki təbiət” layihəsi ilə dəstək oluram. Kənd təsərrüfatı mühəndisiyəm. Malavidə yerli xalqa, uşaqlara əkin və heyvandarlıqla bağlı təlim keçirəm. Onlara ərzaq, geyim də aparırıq. Amma əsl məqsədimiz yerli əhaliyə peşələr öyrətməkdir. Bunun sayəsində çalışsınlar, ailələrinin ehtiyaclarını qarşılaya bilsinlər. Bu işləri uşaqlarla birlikdə icra edirik. Uşaqlar ağac əkməyi, çiçəkləri çox sevir. Bu, onları sevindirir, gözləri gülür, xoşbəxt olurlar”. M.Aydın  Malavinin torpağının münbit olduğunu deyib: “Burada yağış boldur. Torpaq da bərəkətlidir. İlin 12 ayı əkib-becərirlər, amma məhsuldarlıq çox azdır. Biz bura gələndə əkin məsələlərində naşı olduqlarını gördük. Kənd təsərrüfatı mütəxəssisi olaraq onlara bəzi məsələlərdə məsləhət verməyə başladım. Torpağı necə gübrələmək, toxumu necə səpmək, torpağa bir il bir məhsul, növbəti il başqa bir məhsul əkməli olduqlarını anlatdım, bildiklərimi, təcrübəmi onlarla bölüşdüm”, söyləyən M.Aydın Malavidə, Afrikanın bir çox ölkəsindəki kimi, hər evdə ən azından 1 körpənin aclıqdan öldüyünün acı həqiqət olduğunu deyib. “Ailələrə südü bol keçilər vermişik. Keçini necə bəsləməli olduqlarını da başa salmışıq. Bunu ona görə edirik ki, hamilə qadınlar, körpəsi olan qadınlar özləri də süd içsin, körpələrinə də içirsinlər”. 

M.Aydın bildirib ki, Malaviyə ilk səfəri zamanı 2 min 300 pöhrə əkilib, 5-6 kəndin yararlana biləcəyi meyvə-tərəvəz bağçaları salınıb. Pöhrələr Türkiyədən – tanışlar, dostlar, layihə barədə məlumatı olanlar tərəfindən göndərilib. Pöhrələri kim göndəribsə, adı yazılmış lövhəni ağacın, çiçəyin baş tərəfində torpağa basdırıblar. 

M.Aydın tarlaları gəzərkən ənənəvi türk şalvarı geyinib. Bu da yerli camaatın marağını çəkib. M.Aydından onlara da şalvar gətirməsini istəyiblər. Növbəti səfərində M.Aydın ailələrə, uşaqlara da türk qadınlarının geyindiyi milli şalvarlar aparıb. Uşaqlara şalvarları M.Aydının anası hədiyyə edib. Uşaqlar bu şalvarları geyinib yallı gedib, həmin video da sosial şəbəkələrdə paylaşılıb.