Birinci və ikinci Qarabağ müharibəsi dövründə Fransa Azərbaycanın ərazi bütövlüyünə biganə yanaşıb, hətta Ermənistanın işğalçı siyasətinə “haqq qazandırıb”. Separatçını müdafiə edib. Fransız diplomatların 30 il erməni işğalında qalan ərazlərimizə qanunsuz səfərləri zaman-zaman gündəm mövzusu olub. Fransa 30 illik dönəmdə Azərbaycana qarşı siyasi qərəz nümayiş etdirib. Əlbəttə, bu qərəz, ikili standartlar illər boyu dərin qatlara işləyib. Amma olduqca faydalı və bəşəri əhəmiyyətə malik işlər görən elə vətəndaşlarımız var ki, bu qərəz “dağ”ını yara bilirlər.
Məsələn, “Qanun” Nəşriyyat Evinin təsisçisi və direktoru Şahbaz Xuduoğlunu etalon kimi göstərə bilərik. O, Fransanın ən nüfuzlu mükafatlarından birinə layiq görülüb. Şahbaz Xuduoğlu Fransanın mədəniyyət naziri Roselyne Bachelot tərəfindən “İncəsənət və Ədəbiyyat” ordeninin “Cəngavər” dərəcəsi ilə təltif edilib.
Orden Ş.Xuduoğluna ədəbiyyat sahəsində Fransa-Azərbaycan əlaqələrinin inkişafı, kitabların və əsərlərin nəşrindəki fəaliyyəti, Azərbaycan qanunun aliliyinin möhkəmləndirilməsinə kömək üçün əsasən Avropa (və xüsusən də fransız) hüquqi mətnlərini tanıtmaq səyləri nəzərə alınaraq verilib.
Əməyi qiymətləndirilən Ş.Xuduoğlu "Sherg.az"a açıqlamasında deyib ki, mükafatın verilməsi Fransa-Azərbaycan əlaqələrinə dair məsələlərlə bağlı deyil:
“Siyasətlə mədəniyyət fərqlənir. Əslində ən yaxşı siyasət mədəni siyasətdir. Azərbaycanla Fransa arasında xüsusi gərginliyin olduğunu hesab etmirəm. Fransanın ölkəmizdə universiteti var. Hətta döyüşlər üçün "gecəgörmə" cihazı Fransadan satın alınıb. Hərbi sənayedə də müəyyən əlaqələr mövcuddur.
Fransız ədəbiyyatının Azərbaycanda yayılması, oxunması, mədəniyyətlərinin təbliği istiqamətində gördüyüm işə münasibətdir. Peşəkar fəaliyyətimə verilən qiymət olduğundan mənim üçün dəyərlidir".