Ukrayna ətrafında yaranmış gərgin siyasi və hərbi vəziyyətlə bağlı məlumatlar manşetləri "bəzəyir”. Rusiya-Ukrayna gərginliyi fonunda ABŞ-ın da Ukraynaya dəstəyi artır. Belə ki, ABŞ rəsmi nümayəndələri dəfələrlə Ukraynanı yüksək səviyyədə dəstəklədiklərini diqqətə çatdırıblar. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın sözlərinə əsasən, ABŞ Müdafiə Nazirliyi ukraynalı hərbçilər üçün hərbi təlimləri genişləndirəcək. Ümumilikdə, Vaşinqton 713 milyon dollardan çox vəsait ayırmağı planlaşdırır.
Bu, Ukrayna, Mərkəzi və Şərqi Avropanın və Balkanların digər 15 ölkəsi üçün nəzərdə tutulub. Bunun 322 milyon dollardan çoxu Ukraynaya ayrılıb. ABŞ-ın dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin Ukraynanın paytaxtı Kiyevdə səfərdədir. Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç “Feygin Live”a bu barədə məlumat verib. O bildirib ki, hazırda onlar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirirlər. O.Arestoviçin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri üçün yeni silah növlərinin tədarükü ilə bağlı razılıq əldə oluna bilər:
“Buna hazır olmasaydılar, gəlməzdilər”.
Məlumat üçün bildirək ki, Rusiya ABŞ-a Ukraynaya silah tədarükünü dayandırması ilə bağlı nota göndərib. Bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov "Rossia-24" telekanalına müsahibəsində bildirib.“800 milyon dollar, bu, Vaşinqtondan Kiyevə tədarük olunacaq silahların dəyəridir. Bu, böyük rəqəmdir, bu, diplomatik həllin tapılmasına, vəziyyətin həllinə töhfə vermir. Biz nota göndərmişikmi? Bəli, biz ABŞ-ın Ukraynaya silah tədarükünün qəbuledilməzliyini vurğuladıq, biz bu təcrübənin dayandırılmasını tələb etdik”, - səfir qeyd edib.
Həqiqətən, dünyada baş verən siyasi kataklizmlər, müharibələr, əzələ nümayişləri, nüvə dövlətlərinin sayının artması vəziyyətin olduqca təhlükəli hal aldığını ortaya qoyur.
Üçüncü Dünya Müharibəsinin baş verməsi realdırmı?
Prosesləri "Sherg.az"a şərh edən hərbi-siyasi ekspert Həşim Səhrablının fikrincə, Rusiya xəta törədib bataqlığa girdi. Amma Ukrayna da qurbana çevrildi:
“Hazırkı proseslər də oyunun davamını göstərir. Qərb anlayır ki, Rusiyanı kənara sıxıb zərərsizləşdirməsələr, bir müddət sonra bölgə dövlətləri üçün daha təhlükəli hala gələcək. Dünyanın güclü ölkəri - Qərbə, Amerikaya ciddi təhdid, problemə dönəcək.
Lakin Üçüncü Dünya Müharibəsinin gerçəkləşməsi müəmmalıdır. Qərbin təyziqlərinə qarşı tab gətirə biləcəyi, Moskvada iqtidarın nə qədər qalacağı barədə məlumatsızıq.
Sonrakı durum hazırki proseslərin müharibəylə, yoxsa Rusiyanın məğlubiyyətini etiraf edib geri çəkilməsilə nəticələnəcəyini göstərəcək.
Vəziyyət kritikləşdikcə, müharibəni fərqli fazada görə bilərik. Üçüncü Dünya müharibəsi riskini söyləmək çox tezdir. Çin və Şərqdəki digər böyük dövlətlərin mövqeyi önəmlidir. Qərb, Amerika Rusiyaya qarşı birləşib.
Türkiyə də hələki tərəfsizdir, balanslı siyasət yürüdür. Çin də kəskin mövqe ortaya qoymayıb. Türkiyə, Hindistan, Çin, Pakistan İran qəti mövqe ilə müharibəyə daxil olmadıqca, dünya müharibəsindən danışa bilmərik".