Sülhə 100 addım var

Ərdoğanı ağır vasitəçilik missiyası gözləyir

Rusiya və Ukraynanın yenidən normal həyata dönüşü məhz Türkiyə liderinin səylərindən asılı olacaq

   Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər. Xatırladaq ki, Ərdoğanla Ukrayna rəhbəri V.Zelenski arasında da telefon əlaqəsi olub. Zelenski türkiyəli həmkarı ilə keçirdiyi telefon danışığında mühüm məsələləri müzakirə etdiklərini vurğulayıb: “Prezident Rəcəb Tayyib Ərdoğanla mühüm danışığımız oldu. Mariupoldakı son vəziyyət, dinc əhalinin və yaralıların təxliyəsi, zərərsizləşdirilən Ukrayna ordusunun təcili yenilənməsi barədə danışdıq. 

Biz Rusiya ilə danışıqlar prosesini və müdafiə sahəsində də müzakirələr apardıq. Qara dəniz limanlarını bağlayan Rusiyanın dünya ərzaq bazarına yaratdığı təhlükələri də ətraflı müzakirə etdik. Artıq bir çox ölkələrdə ərzaq qiymətlərinin artması kritik həddə çatıb. Amma bu hələ başlanğıcdır”. Zelenski Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələri diqqətə çatdırıb. Ukraynanın bəzi şəhərlərinə hücumların davam etdirildiyini deyən prezident Rusiyaya qarşı daha çox sanksiyaların tətbiq edilməsini tələb edib. 
Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə də Ankaranın münaqişənin həllində vasitəçilik missiyasından söhbət açıb. Səfir bildirib ki, Türkiyə həm Ukrayna, həm də Rusiya ilə normal əlaqələri olan bir ölkədir: “Biz bu əlaqələrimizi Ukraynada silahların susması üçün aktiv şəkildə istifadə etmək əzmindəyik. Müharibə başladıqdan sonra iki ölkə arasındakı ilk üst səviyyədə görüş martın əvvəli Antalyada xarici işlər nazirləri arasında baş tutdu. Bu görüşün ardınca bizim nazir Moskvaya və Lvova səfər etdi və bunun nəticəsində də iki tərəfin müzakirələrini İstanbulda bir araya gətirdik. İstanbuldakı görüşdən sonra bəzi perspektivlər meydana gəldi. Lakin təəssüf ki, bundan sonra Buça və İrpendə baş verən üzücü görüntülər ortaya çıxdı. Təbii ki, biz də Türkiyə olaraq bu müzakirələrin davamı və maksimum pozitiv nəticələr qazanmaq üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq”.

Türkiyənin vasitəçiliyi ilə bağlı “Şərq”ə danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, Ukrayna savaşının nə qədər davam edəcəyi bilinmir. Ancaq savaş uzandıqca, hər iki tərəfdən itkilərin sayı artır. Humanitar vəziyyət ağırlaşır, dağıntıların əhatə dairəsi sürətlə genişlənir və mövcud vəziyyətin nəticələrinin aradan qaldırılması imkanları azalır:

 “Təbii ki, belə vəziyyətdə savaşın durdurulmasında maraqlı olan dövlətlərin vasitəçilik missiyasının əhəmiyyəti artmış olur. Belə missiyanı üzərinə götürməyə hazır olan və bu imkanlara sahib dövlətlər qlobal savaş təhlükəsi vəd edən bu savaşdan çıxış şanslarını dəyərləndirməyə çalışırlar. Ancaq savaşın dayandırılmasında maraqlı olan səmimi dövlətlərin sayı məhduddur. Rusiya və Ukrayna arasında vasitəçilik missiyası üçün ilk növbədə hər iki tərəfin güvənə biləcəyi ölkə statusu olduqca vacibdir. Hələlik belə ölkələrin sırasında Türkiyə ön plana çıxmış kimi görünür. Rəsmi Ankara vasitəçilik missiyası üçün konkret hərəkətə də keçib. Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri ilə təmasdan sonra Kreml sahibi Vladimir Putinlə də telefon əlaqəsi saxlayıb. Türkiyə prezidenti Rusiya və Ukrayna arasında danışıqların başlamasının vacibliyini vurğulayıb. Ərdoğan Kreml sahibinin diqqətini sülhün yolunun açılmasına yönəlik cəhdlərin önəminə çəkib”. 

S.Əsədli vurğulayıb ki, Türkiyə prezidenti Rusiya və Ukrayna arasında savaşı dayandırmaq üçün vasitəçilik missiyasını öz üzərinə götürmək potensialını sübuta yetirmiş durumdadır:

 “Üstəlik, Kreml sahibi Türkiyə liderinə Rusiyanın münaqişəni həll etmək üçün Ukrayna hakimiyyəti və xarici tərəfdaşlarla da dialoqa hazır olduğunu etiraf edib. Türkiyə prezidentini olduqca ağır vasitəçilik missiyası gözləyir. İndiki halda bu ağır missiyanı Türkiyə liderindən başqa üzərinə götürməyə maraqlı rəhbər yoxdur. Rusiya və Ukraynanın yenidən normal həyata dönüşü məhz Türkiyə liderinin vasitəçilik missiyasından asılı hala gəlmiş kimidir. Əgər missiya uğur qazanarsa, Türkiyə Qərbin Ukraynada partizan müharibəsi ilə Rusiyanı uzun müddət savaşın içərisində tutmaq planını pozmuş olacaq”.