Süd qutusunda partlayıcı

Rus əsgərlər fərqli metodlara “baş vurur”
 
Ukraynanın Rusiya ordusu tərəfindən mühasirədə saxlanan Xerson şəhərində rus hərbçiləri  “humanitar” yardım paylayıb.  Ahıl bir qadın da ona uzadılan süd qutusunu əlinə alıb. Evə gəldikdə qutunun qapağının açılmış olduğunu fərq edib. Yaşlı qadın düşünüb ki, yəqin kimsə qutunu açıb, ya da qutunun qapağı yaxşı bağlanmayıb. Oğlu isə anasının şübhələrini gördükdə, qutunu ehtiyatla açmağa başlayıb.

“Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, qadının oğlu süd qutusunu ehtiyatla açdıqda orada “bubi tələsi” – forması dəyişdirilmiş partlayıcı olduğunu görüb. Yaşlı qadının oğlu bu barədə yerli mediaya məlumat verib: “Anam qutunun açıldığını düşündü. Sandı ki, kimsə ondan əvvəl qutunu açıb, süd içib. Amma diqqətlə baxdıqda qutunun qapağı altında nazik tellər olduğunu fərq etdik. Bu tellər qutunun içindəki partlayıcıya bağlanmış vəziyyətdə idi. 

Qutuda süd yox idi, yalnız forması dəyişdirilmiş, əldə düzəldilmiş partlayıcı vardı. Qələmə oxşayırdı”, deyən ukraynalı rus ordusunun “humanitar yardım” adı altında ukraynalılara ölüm gətirdiyini söyləyib. Ukraynalı “anama tapşırmışdım ki, rus əsgərlərin əlindən heç nə almasın. Yaşlı insandır, sanıb ki, onlar da bizim kimi insandırlar. 

Amma belə deyilmiş”. Yerli media bunu da yazır ki, Rusiya ordusu yerli əhalinin etibarını qazanmaq üçün Ukraynada istehsal edilmiş məhsullardan əhaliyə paylayır. Amma deməli, arada “özfəaliyyət”ə yer verirlər.