ABŞ yaxın günlərdə Azərbaycanla əlaqələrini genişləndirəcək

Baydenin təbrik məktubundan aydın olur ki, dünyanın super dövləti Azərbaycanın regionda yaratdığı reallıqlara önəm verir

   Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Bu, Amerika prezidentinin son bir ildə Azərbaycan liderinə göndərdiyi sayca 4-cü təbrik məktubu idi. Aydındır ki, belə məktublar sadəcə təbrik xatirinə yazılmır. Həmin məktublarda ölkələrin bir-birinə münasibəti, həmin dövrə aid əməkdaşlığın durumu və gələcəyə yönəlmiş ciddi mesajlar qeyd olunur. Cozef Baydenin Azərbaycanın Prezidenti cənab İlham Əliyevə göndərdiyi sonuncu məktub məzmun və məna baxımından əvvəlkilərdən çox fərqlənir.

Demək olar ki, mətndə verilən mesajların bir çoxu strateji baxımdan mühüm yeniliklərdir. 20 may 2022-ci il tarixli məktubda əvvəlkilərdən fərqli olaraq nə “Dağlıq Qarabağ”, nə də ATƏT-in Minsk qrupuna heç bir istinad yoxdur. Bu faktın özü onu göstərir ki, Bayden bu məsələ ilə bağlı Azərbaycanın məlum mövqeyini qəbul edir və ona hörmətlə yanaşır. Baxmayaraq ki, bir neçə həftə öncə Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtona etdiyi səfər zamanı dövlət katibi Blinkeni inandırmağa çalışırdı ki, “Dağlıq Qarabağ münaqişəsi” həll olunmayıb. Ancaq Bayden bu bəyanatı ilə Ermənistanın heç bir aktuallığı qalmayan köhnəlmiş tezislərini deyil, Azərbaycanın real və praqmatik siyasətini müdafiə etməyə üstünlük verdi. Bundan başqa, ABŞ prezidenti dəyişən dünya düzənində Azərbaycanın yerini və əhəmiyyətini düzgün qiymətləndirərək yeni strateji tezisi ilk dəfə olaraq məktubun mətninə əlavə etdi. Bayden Azərbaycanın Avropa və dünya bazarlarının enerji təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynadığını vurğuladı. Azərbaycanın Ukraynanın suverenliyinə verdiyi dəstəyi, humanitar və enerji sahəsində yardımı vacib addım hesab edildi və alqışlandı. ABŞ Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazır olduğunu bildirdi. Ağ Ev rəhbəri qarşıdan gələn onilliklərdə Azərbaycanla münasibətləri daha da genişləndirmək arzusunda olduğunu vurğuladı. Yəni əvvəlki mətnlərdən fərqli olaraq qəti olaraq bildirilir ki, ABŞ Azərbaycanı bundan sonra özünün strateji tərəfdaşı kimi görür və əməkdaşlıq imkanlarını genişləndirməyi planlaşdırır. 

Millət vəkili, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanov “Şərq”ə bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli, düşünülmüş, eyni zamanda, Azərbaycanın milli maraqlarına xidmət edən siyasəti nəticəsində ölkəmiz Cənubi Qafqaz regionunda lider dövlətə çevrilib. Deputatın sözlərinə görə, beynəlxalq aləmdə böyük nüfuza malik olan Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər onun hərtərəfli güclü dövlət olduğunu bütün dünyaya sübut etdi:

 “Dünya ölkələri isə hər zaman güclü dövlətlərlə əməkdaşlıqda maraqlı olurlar. ABŞ Prezidenti Cozef Baydenin 28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubu deyilənləri bir daha sübut edir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji strategiyası sayəsində Azərbaycanın iqtisadi imkanlarının artması ölkəmizin beynəlxalq aləmdə çox sayda tərəfdaş qazanmasına səbəb olub. Azərbaycan Avropanın və dünyanın bir çox ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynayır. Bu da öz növbəsində ölkəmiz, eləcə də regionda sabitlik və təhlükəsizliyinin təmin olunması üçün müstəsna əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan enerji mənbələrinin şaxələndirilməsi istiqamətində çox ciddi işlər həyata keçirir və bu məsələdə beynəlxalq investorların iştirakı təmin edilir. Artıq Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınıb və dünya ölkələri məhz bu səbəbdən ölkəmizlə davamlı əməkdaşlığa maraq göstərirlər. Hər bir sahədə olduğu kimi, ölkəmizin enerji siyasəti də müstəqildir və dövlətin milli maraqları bu sahədə də ən ali səviyyədə təmin edilir. Azərbaycan uzun illər işğaldan əziyyət çəkmiş və işğalla barışmayan bir ölkədir. Məhz bu səbəbdən Azərbaycan başqa ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır, işğalçılıq siyasətini dəstəkləmir. ABŞ Prezidentinin məktubunda bu məqamlara diqqət çəkilir. Azərbaycanın Ukraynanın suverenliyinə verdiyi dəstək və göstərdiyi humanitar yardım yüksək qiymətləndirilir. Azərbaycan dövləti bütün dünyada sülh və sabitliyin bərqərar olmasında maraqlı ölkə olduğu üçün terror və təhdidlərə qarşı barışmaz mövqedədir. Ölkəmiz hər zaman terrorizmə qarşı qlobal mübarizəyə mühüm töhfələr verir”.

Parlament üzvü bildirib ki, ölkəmizin yaratdığı yeni reallıqlar ABŞ tərəfindən də qəbul edilir: 

“Hazırkı vəziyyət Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkan kimi qiymətləndirilir. Cozef Baydenin təbrik məktubunda qeyd edilən fikirlərdən bəlli olur ki, ABŞ Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinin bütün Qafqaz və Transxəzər regionunun çiçəklənməsinə imkan verəcəyi qənaətindədir. Məhz bu səbəbdən ABŞ Azərbaycanın sülh təşəbbüslərini dəstəkləyir, ölkəmizin iqtisadi, nəqliyyat və insanlararası əlaqələrin qurulması istiqamətində gördüyü işlərə kömək etməyə hazır olduğunu bəyan edir. Dünyada cərəyan edən ciddi proseslərin mürəkkəb xarakterini nəzərə almaqla Amerika Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir. Təbii ki, bu da Azərbaycan dövləti tərəfindən aparılan düşünülmüş xarici siyasətin bəhrəsi və ölkəmizin bütün ölkələrlə dostluq münasibətlərində olmasının göstəricisidir. ABŞ-ın ölkəmizlə münasibətləri genişləndirmək istəyinin olması bir daha sübut edir ki, Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Sözsüz ki, bu, Azərbaycanın uğurudur. Ölkəmiz isə bu uğurlara Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində imza atır. Cozef Bayden tərəfindən Azərbaycana verilən böyük dəyər də məhz Azərbaycan Prezidentinin yürütdüyü siyasətdən qaynaqlanır. ABŞ-ın Azərbaycanla əlaqələrə böyük dəyər verməsi, eyni zamanda, dövlətimizin başçısının beynəlxalq aləmdə yüksək şəxsi nüfuzu ilə əlaqədardır”.