Azərbaycan-ABŞ münasibətləri tarixin mühüm dövrünü yaşayır. Dünyanın super dövləti ABŞ, əsas güc mərkəzlərindən biridir. Bu ölkənin Azərbaycanla fəal siyasi dialoqu mövcuddur. Görünür, prezident İlham Əliyevlə Amerikanın ali rəsmi şəxsləri arasında keçirilən məhsuldar görüşlər, dövlətlərarası diplomatik əlaqələrin zirvəyə yüksəlməsi müəyyən qüvvələr tərəfindən həzm olunmur.Amerikanın Azərbaycandakı səfiri Li Litzenberqe brifinq keçirib. O “Turan”ın “Niyə Bakıda hesab edirlər ki, Qərb sabitliyi pozmaq, rəngli inqilab təşkil etmək istəyir və bu məqsədlə müxalifəti və Azərbaycan hökumətinin tənqidçilərini maliyyələşdirir?” sualına cavab verib. Səfir bildirib ki, ABŞ-ın Azərbaycanda sabitliyi pozmağa çalışması barədə fikir, yumşaq desək, əsassızdır.
Belə informasiyanın Azərbaycanın Qərb dövlətləri, ilk növbədə ABŞ ilə yaxınlaşmasını və əməkdaşlıq etməsini istəməyən yerdən gəlməsi mümkündür. Səfirin fikirlərinə əsasən, regionda sabitliyə təhlükə ABŞ yox, məhz Rusiyanın Ukraynaya qarşı təcavüzüdür:
"Təəssüf , Rusiya çox irrasional və gözlənilməz hərəkət edə bilər. Mən region ölkələrinin niyə belə narahat olduqlarını başa düşürəm. ABŞ bütün ölkələrin müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyəcək. Əgər biz belə təhdidləri görsək, müvafiq və mütənasib tədbirlər görüləcək".
Mövzu ilə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Aqşin Kərimovun qənaətincə, Bakı-Vaşinqton xəttindəki danışıqların intensivliyi Azərbaycan-ABŞ münasibətlərində təhlükəsizliyə dair yeni mexanizmlər formalaşdırılacağını göstərir:
“ABŞ Cənubi Qafqaza dair baxış bucağını əvvəlki illərdəkinə nisbətən dəyişib. Çünki Azərbaycan regionda yeni reallıq yaradıb. Yeni dünya nizamının yaradılması üçün ABŞ-a alternativ bir üfüq kimi görünür. Ancaq Azərbaycan ABŞ-ın niyyət və məramından xəbərdardır. Vaşinqton diktə edən dəst-xəttindən kənara çəkilib yeni ideyalarla Bakının diqqətini çəkməyə məcburdur. ABŞ Rusiyanın postsovet ölkələrinə təhdid yaratdığını bilir.
Əslində özünün investisiyalarına və gələcək iqtisadi layihələrinə təhlükə yaranmamasını istəyir. Bunun üçün ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatında gələcək hərbi-siyasi məqsədlərin bərqərar etməkdən ötrü iqtisadi-siyasi əsaslar formalaşdırır.
Rusiya regiona daha yaxındır, həmçinin özünün hərbi-siyasi doktrinasını, xarici siyasət istiqamətlərini dəyişmədikcə, onun regiona təhdidi də üfüqlərdən itməyəcək.
Azərbaycan isə prosesləri dəyərləndirir. ABŞ-ın harada şirnikləndirici vədlər verdiyini, harada real addım ata biləcəyini təhlil edir. Azərbaycan balanslı siyasətinə sadiq qalaraq həm Rusiya, həm də Qərblə münasibətlərini lazımi səviyyədə qoruyub-saxlayacaq".