Meksikada silahlı hücum zamanı bir neçə nəfər həlak olub, yaralılar var

Meksikanın cənub-qərbindəki Herrero ştatının Çilpansinqo bələdiyyəsi ərazisində silahlı hücum nəticəsində ən azı 5 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə vilayət prokurorluğu ictimaiyyətə açıqlamasında bildirib.

"Müstəntiqlər və kriminalist ekspertlər insidentin başvermə şəraitini müəyyən etmək üçün hadisə yerinə gediblər", - xəbərdə deyilir. Qeyd edilir ki, qətllər Petakilyas yaşayış məntəqəsində törədilib.

Hələlik rəsmi təsdiqi olmayan məlumatda isə bildirilir ki, hücum zamanı 6 nəfər ölüb, daha 2 nəfər yaralanıb. Hadisəyə nəyin səbəb olduğu məlum deyil.

Qeyd edək ki, Meksika son illər təhlükəsizlik böhranı yaşayır. May ayında hakimiyyət orqanları respublika ərazisində demək olar, 2,5 min qəsdən adam öldürmə faktını qeydə alıb ki, bu da ilin əvvəlindən ən yüksək göstəricidir. Aprel ayı ilə müqayisədə zorakılığın səviyyəsi 16 % artıb.