“Bu planda Rusiyanın “güc mərkəzi” rolu zəifləyir, əvəzində Çinin "aktiv oyunçu" kimi geosiyasi proseslərdə iştirakı artır”
Ukrayna ərazisində Rusiyanın xüsusi hərbi əməliyyatı davam edir. Türkiyə Ukrayna böhranı başlayandan bəri vasitəçi olmağa çalışıb. Rəsmi Ankara rəsmi Kiyevlə dərinləşmiş strateji əlaqələrinin pozulmasından da narahatdır. Digər tərəfdən Rusiyanın bu böhranda qәlәbә qazanması rәsmi Ankaranın rəsmi Moskva ilə rəqabətini dərinləşdirə bilәr. Bu səbəbdən Ukrayna müharibəsi rәsmi Ankaranın son dövrdә üzləşdiyi ən mühüm problemdir. Avropa İttifaqı (Aİ), Amerika Birləşmiş Ştatları (ABŞ) və Böyük Britaniya da Ukraynadakı müharibəyə danışıqlar yolu ilə son qoymaq planını müzakirə üçün bir araya gəlirlər. Bu dəfə isə Türkiyə, Böyük Britaniya və Ukrayna müdafiə nazirləri Brüsseldə görüşüb. Toplantıda tərəflər Ukraynadakı son vəziyyəti, Ukrayna limanlarında taxıl dolu gəmilərin təhlükəsiz şəkildə ölkə xaricinə daşınması, “A400M” təyyarələrinin Türkiyəyə təhlükəsiz çatdırılması mövzularını müzakirə ediblər.
Siyasi prosesləri "Sherg.az"a dəyərləndirən analitik Asif Nərimanlı bildirib ki, Böyük Britaniya Qərbdə Rusiyanın Ukraynaya işğal hücumuna qarşı olan əsas ölkə kimi çıxış edir:
"Böyük Britaniya ABŞ - dan daha aktivdir. Çünki müharibə ABŞ-a Avropada “mərkəzdənqaçma siyasəti” izləyən müttəfiqlərini Rusiya təhlükəsi ilə öz çətiri altına toplamaq və Trampın dövründə zəifləyən mövqelərini bərpa etmək imkanı verir. Lakin Böyük Britaniyanın Avrasiyadakı planlarına qarşıdır. Söhbət Böyük Britaniyanın yeni dünya nizamına dair planlarından gedir. Bu planda Rusiyanın “güc mərkəzi” rolu zəifləyir, əvəzində Çinin "aktiv oyunçu" kimi geosiyasi proseslərdə iştirakı artır. Ukrayna müharibəsi isə həm də Çinin qarşısını alır. Sözügedən durum Böyük Britaniyanın XXI əsr planına uyğun gəlmir".
Siyasi şərhçi müdafiə nazirlərinin görüşünü həm perspektiv, həm də cari proseslər fonunda qiymətləndirməyin mümkünlüyünü diqqətə çatdırıb:
"Türkiyə Ukrayna - Rusiya arasında vasitəçi rolunu oynayır.
Əslində Ankaranın Rusiyaya qarşı sanksiyalara qoşulmaması və vasitəçiliyinə baxmayaraq, Qərb tərəfindən təzyiqlə üzləşməməsi, yaxud təzyiq dalğasının az olmasında ingilislərin rolunu vurğulamaq lazımdır. Böyük Britaniya Türkiyənin regional güc kimi aktivləşməsində maraqlı tərəfdir. Rusiya ilə təmasların məhz Ankara üzərindən aparılmasını dəkləyir.
Bu Rusiya ilə mümkün təmaslarda Fransa və Almaniyadan asılı vəziyyətin yaranmasına qarşı da hesablanıb. İstisna deyil ki, Böyük Britaniya Türkiyə və Ukraynanın iştirakı ilə öz gündəmini formalaşdırmaq, Rusiya ilə danışıqlarda mümkün üstünlüyün qazanılmasının yollarını tapmağa çalışır. Cari dövrdə isə görüşün məqsədi Ukraynaya silah yardımından qaynaqlana bilər.
Qərbdən silah dəstəyi verilsə də, Rusiya işğalının qarşısını almağa yetərli deyil. B.Britaniya Türkiyənin “Bayraktar”larla yanaşı, digər silahların tədarükündə də rol oynamasını istəyir".