"Ən optimal variant Rusiyanın “MİR” sisteminin tətbiqini Azərbaycanda aktuallaşdırmaq lazımdır"
Ukrayna müharibəsi ilə bağlı Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar bu ölkədən başqa ölkələrə, o cümlədən Azərbaycana da pul köçürmələrini çətinləşdirib.
Rusiyanın bir neçə aparıcı bankı tərəfindən aparılan əməliyyatlar Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı tərəfindən qadağan edilib. Onların hesablarından dollar və avro köçürmək artıq mümkün deyil.
“PAŞA Bank” ASC-nin komplayns və idarəetmə blokunun baş direktoru Anar Kərimov da sözügedən qadağaların pul köçürmələrini çox çətinləşdirdiyini qeyd edib: “Rusiya-Ukrayna müharibəsi hər iki ölkə ilə ticarət əlaqələri olan Azərbaycana təsirsiz ötüşməyib. Bildiyiniz kimi, Rusiyada sanksiya tətbiq olunan maliyyə institutlarının sayı getdikcə artmaqdadır. Sözsüz ki, bu da pul köçürmələrinə problemlər yaradır. Biz digər valyutalarla ödənişlər etməyə cəhd edirik. Bunu isə qanunvericilik icazə verdiyi şəkildə və həddə etmək mümkündür. Beynəlxalq sanksiyanın pozulmasından söhbət gedə bilməz”.
İqtisadçı-ekspert Əyyub Kərimli də “Şərq”ə açıqlamasında Rusiya banklarına tətbiq edilən embarqoların iki ölkə arasındakı pul köçürmələrinə ciddi təsir etdiyini deyib: “Sözsüz ki, bu təsir ticarət əlaqələrindən də təsirsiz ötüşmür. Banklar arasındakı əlaqəlar qırıldığı üçün Rusiya ilə əməkdaşlıq edən sahibkarlarımız, fermerlərimiz Rusiyaya satdıqları məhsulun ödənişini almaqda çətinlik çəkirlər.
Kartdan karta pul köçürmə mümkün olmadığı üçün ən optimal variant pul köçürmə sistemləridir. Bunlardan əhatə dairəsi daha çox olan “Zolotoya Korona”dır.
Rusiya banklarına qoyulan sanksiyalar Azərbaycan banklarına da mənfi təsir edir. Belə ki, xarici ticari əlaqələrlə aparılan tranzaksiyaların dövriyyəsinə mənfi təsir göstərir. Amma bir şeyi də deyim ki, hər nə qədər mənfi təsirlərini görsək də, mövcud qaydalardan kənara çıxmaq kimi bir məsuliyyəti öz üzərimizə götürməməliyik. Sadəcə olaraq banklar Rusiyanın tətbiq etdiyi daxili ödəniş proqramları ilə əməkdaşlıq edərək bu problemi aradan qaldıra bilərlər.
Ən optimal variant Rusiyanın “MİR” sisteminin tətbiqini Azərbaycanda aktuallaşdırmaq lazımdır”.