Ərdoğan və Bayden "kozur"larını ortaya qoyacaqlar: İsveç və Finlandiya "kartı"


Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Cozef Bayden arasında görüş olacaq. Bu barədə  Ağ evdən məlumat verilib. 
 Beynəlxalq aləmdə və regionda ciddi proseslərin baş verdiyi bir vaxtda NATO sammiti liderlərin görüşü üçün yaxşı fürsət çevrildi.
Bu günkü görüşdə müzakirə olunacaq bir neçə məsələ var. Bunlardan birincisi, Rusiya ilə Ukrayna arasında davam edən müharibə və savaşın vəd etdiyi yeni geosiyasi reallıqlardır. Yəqin ki, Ankara ilə Vaşinqton proseslərə bundan sonrakı münasibətlərini müəyyənləşdirəcəklər. Əslində indi ABŞ- la Türkiyənin mövqeyi heç də üst - üstə düşmür. Ağ ev açıq - aşkar Kremlə qarşı addımlar atır və Ukraynanı dəstəkləyir. Ərdoğan hakimiyyəti isə balanslı siyasət yeritməyə çalışır. Bu mənada Ankara ilə Vaşinqton arasında ziddiyyət var. Yəqin ki, hər iki prezident bu barədə qarşı tərəfi məlumatlandıracaq və təkliflərini, iradlarını bildirəcək.

 İkinci bir tərəfdən İsveç və Finlandiyanın NATO-ya mümkün üzvlüyü də gündəmdə olacaq. Məlumdur ki, Türkiyə sözügedən dövlətlərinin Alyansa üzvlüyünə etiraz edir. NATO - nun əsas güclərindən biri ABŞ - dır. Bu mənada, bəlkə də, Bayden İsveç və Finlandiya "kartından" istifadə edərək Türkiyənin Ukrayna məsələsində mövqeyinin dəyişməsinə nail olmağa çalışa bilər. Başqa sözlə desək, ABŞ bu məsələnin təxirə salınmasına o halda razı olar ki, Ankara Moskvaya qarşı loyal yox, sərt olsun. İndi İsveç və Finlandiyanın NATO-ya üzv olmaması Ərdoğan üçün çox əhəmiyyətlidir. Çünki prezident seçkiləri yaxınlaşır. Və əgər həmin dövlətlər istəklərinə çatsalar, onda AK parti iqtidarının reytinqi xeyli aşağı düşəcək. Deməli, qeyd etdiyimiz ssenari həm Vaşinqtona sərf edir, həm də Ankaraya. Odur ki, bu məsələnin müzakirə olunması tamamilə mümkündür.
 Yəqin ki, haqqında danışılacaq bir məsələ də Yunanıstanla Türkiyə arasındakı gərginlik olacaq. Bayden, çox güman, sabitlikdə maraqlı olduğunu deyəcək. Əslində isə, ola bilsin, ABŞ savaş yolu ilə hər iki ölkənin zəifləməyini istəyir. Çünki bu zaman həm Yunanıstana, həm də Türkiyəyə daha çox diqtə edir. Hər halda gələcəkdə ABŞ- ın Şərqi Avropadakı ssenarini Balkanlarda təkrarlaması istisna deyil.
Əlbəttə, bundan başqa mövzular da müzakirə oluna bilər. Bütün hallarda Baydenlə Ərdoğanın görüşü regional və qlobal geosiyasət baxımından çox əhəmiyyətli olacaq.