Bakı ABŞ-a güvənir

Vaşinqton Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması töhfəsini verəcək

  Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə müstəqillik günü ilə bağlı təbrik məktubu ünvanlayıb. Dövlət başçısı vurğulayıb ki, rəsmi Bakı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın dəyərli töhfə verə biləcəyi qənaətindədir. Ölkə rəhbəri bəyan edib ki, Azərbaycan tərəfi Cənubi Qafqazda davamlı sülhün, iqtisadi tərəqqinin bərqərar olması üçün əlverişli şəraitin formalaşdığı bir zamanda ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, kommunikasiyaların açılmasında, insanlararası təmasların yaradılmasında mühüm rol oynaya biləcəyinə inanır:

“Eyni zamanda tərəfimizdən təqdim olunan beş prinsip əsasında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın dəyərli töhfə verə biləcəyi qənaətindəyik. İşğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən basdırılmış minalar burada apardığımız bərpa və yenidənqurma işlərinə ən böyük əngəl olaraq qalmaqdadır. Biz minatəmizləmə işində ABŞ-ın ölkəmizə göstərdiyi yardımı təqdir edirik. Ermənistan-Azərbaycan münaqişəsi zamanı itkin düşmüş 4000-ə yaxın soydaşımızın taleyinin aydınlaşdırılması məsələsində də ölkənizin dəstəyinə böyük ümidlər bəsləyirik”. 

  Dövlət başçısının məktubunu “Şərq”ə dəyərləndirən politoloq Tural İsmayılov deyib ki, ABŞ Prezidenti Cozef Bayden, eləcə də dövlət katibi E.Blinken tərəfindən Prezident İlham Əliyevə ünvanlanan məktublarda Ağ Evin Azərbaycana maraq göstərdiyi danılmaz fakt kimi ortaya çıxmışdı. Analitik bildirib ki, postpandemiya dönəmində, eyni zamanda 44 günlük Vətən müharibəsində qazandığımız qələbədən sonra Cənubi Qafqaz regionunda formalaşan yeni iqtisadi-siyasi reallıqlar ABŞ-Azərbaycan münasibətlərini növbəti mərhələyə daşıyıb:

 “Cənab Prezident İlham Əliyevin ABŞ rəhbərinə göndərdiyi məktubda iki ölkənin münasibətlərinin gələcək konturları ilə bağlı mühüm mesajlar əksini tapıb.

 Bundan sonra Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində moderator qismində sadəcə Rusiya, yaxud Avropa İttifaqı deyil, həmçinin ABŞ da hansısa formada çıxış edə bilər. 

Təəssüflər olsun ki, Amerika tərəfindən ATƏT-in Minsk qrupu ilə bağlı lazımsız addımlar atılmaqda, açıqlamalar verilməkdədir. 

Amma ümid edirik ki, bundan sonra ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında həqiqətən ədalətli vasitəçilik missiyasını yerinə yetirsin. Nəzərə almaq lazımdır ki, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsində ABŞ daha fəal ola bilər. 

Bu sahədə Amerikanın kifayət qədər gücü, təcrübəsi və resursları var. Şirkətlər və amerikalı mütəxəssislər dünyanın bir çox coğrafiyalarında fəaliyyət göstərirlər. Azərbaycana da dəstək ola bilərlər”.