Türkiyəyə verilən vədə əməl olunmalıdır

İsveç və Finlandiyanın NATO-ya tam üzvlük prosesi uzun çəkəcək

  Üzv ölkələrin NATO yanında daimi nümayəndələri İsveç və Finlandiyanın təşkilata üzvlüyünə dair protokolu imzalayıb. Baş katib Yens Stoltenberq iyulun 5-dən etibarən İsveç və Finlandiyanın NATO-ya dəvətli ölkələr sayılacaqlarını və alyansın işinə qatıla biləcəklərini əlavə edib. Finlandiya və İsveç xarici işlər nazirləri hərbi bloka üzvlük protokolunu imzalayıb. Mərasim NATO-nun Brüsseldəki qərargahında baş tutub. Stoltenberq hər iki ölkənin alyansa üzvlüyünün ratifikasiyası prosedurunun başlandığını qeyd edib.

  Politoloq Azər Qasımov “Şərq”ə bildirib ki, İsveç və Finlandiya məsələsi Rusiyanın Ukraynaya hücumundan sonra aktuallaşıb. Ekspert vurğulayıb ki, İsveç və Finlandiyanın özlərini təhlükəsiz hiss etməsi üçün NATO-ya üz tutmaları geosiyasi baxımdan məcburi hala gəlib: 

“Rusiyanın bu addıma hansı reaksiya verməsindən çox, NATO və bu iki ölkənin Moskvanı fakt qarşısında qoyması daha əhəmiyyətli rol oynadı. Rusiya buna hazırlıqsız və zəif anında yaxalandı. Kreml İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə demək olar ki, heç bir ciddi reaksiya göstərə bilmədi. Sadəcə prosesi izləyəcəklərini, bu ölkələrə NATO qoşunları yerləşdiriləcəyi halda adekvat reaksiya göstərəcəklərini dedilər. Eyni zamanda bu ölkələrin NATO-ya üzv olmalarının Rusiya üçün təhlükə yaratmadığını söylədilər. Təbii ki, bu, çarəsizlikdən deyilən sözlər idi. Rusiyanın davam edən Ukrayna müharibəsi fonunda yenidən ikinci və üçüncü cəbhə açmaq gücü yoxdur”. 

  A.Qasımov bildirib ki, İsveç və Finlandiyanın NATO-ya tam üzvlük prosesinin, yəni ratifikasiya prosesinin uzanması onların Türkiyəyə verdikləri sözlərin nə qədər tez yerinə yetirilməsindən asılı olacaq: 

“Təbii ki, üç ölkə arasında imzalanan müqavilənin şərtlərinə əməl olunmazsa, Türkiyə parlamentində bunun ratifikasiyası uzanacaq. NATO-nun Finlandiyaya qoşun yerləşdirməsi hələlik olmayacaq. Süni şəkildə NATO-Rusiya gərginliyini artırmaq Qərbə də sərf etmir.
 Onsuz da NATO Ukraynada Rusiya ilə hesablaşmaq üçün yaxşı meydan və mühit əldə edib”.