Çilili deputat: “Azərbaycanın təcrübəsi Sakit Okean Alyansına üzv ölkələr üçün əhəmiyyətlidir”

“Azərbaycanın energetika və infrastruktur sahəsində təcrübəsi Latın Amerikası və Sakit Okean Alyansı ölkələri üçün əhəmiyyətlidir”.

Bunu “Report”a müsahibəsində Çili parlamentinin üzvü Tomas de Rementeria bildirib.

Onun sözlərinə görə, Çili və Azərbaycan parlamentləri arasında əməkdaşlıq üçün ümumi sahələr var və deputatlar bu istiqamətdə işləyəcəklər: “İqtisadiyyat, təhsil, texnologiyalar, mədəniyyət və siyasət kimi sahələrdə əməkdaşlıq etməyə imkan verən münasibətlər qura bilərik”.

Deputat Sakit Okean Alyansı çərçivəsində əməkdaşlıqdan danışaraq deyib ki, Çili bu ticarət bloku çərçivəsində Azərbaycan ilə iqtisadi əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır: “Azərbaycan bizim üçün mühüm tərəfdaşdır. Azərbaycan – Yaxın Şərq və Mərkəzi Asiya arasında çox mühüm geostrateji mövqeyə malik ölkədir. Azərbaycanın energetika və infrastruktur sahəsində təcrübəsi Latın Amerikası, xüsusilə də Sakit Okean Alyansı ölkələri üçün əhəmiyyətlidir”.

Xatırladaq ki, Çili parlamentinin deputatlarından ibarət nümayəndə heyəti bu il iyunun 30-da Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan konfransda iştirak etmək üçün Bakıda səfərdə olub.

Ticarət bloku olan Sakit Okean Alyansına dörd Latın Amerikası ölkəsi – Meksika, Peru, Çili və Kolumbiya daxildir. Azərbaycan təşkilatda müşahidəçi qismində təmsil olunur.

Ötən ilin dekabr ayında Sakit Okean Alyansının Bakıda ofisi açılıb.