“Qərbin tətbiq etdiyi sanksiyaların bumeranq effekti verərək öz başında çatlaması səbəbindən sosial etirazlar dalğası başlaya bilər”
“Rusiyanın süni şəkildə yaratdığı taxıl böhranı dünyanı aclıq məngənəsinə sala bilər”
“Bu isə Qərbin qoyduğu sanksiyaların nəticəsi olaraq Rusiyanın əks-tədbiri kimi dəyərləndirilməlidir”
Amerika Rusiyaya qarşı olan sanksiyalarının bəzisini ləğv edib.
"Sherg.az""APA"ya istinadən bildirir ki, bunu ABŞ Maliyə Naİrliyi təsdiqləyib. Bildirilir ki, Rusiya ilə kənd təsərrüfatı, energetika, tibb sahələrində, o cümlədən koronavirusla mübarizə, tranzit uçuşlar, eləcə də qeyri-hökumət təşkilatlarının işinə təsir edən əməliyyatlarla bağlı sanksiyalar aradan qaldırılıb.
O cümlədən, ABŞ “Qazprom”un keçmiş törəmə şirkəti “Gazprom Germania GmbH”, eləcə də “Alfa-Bank”ın Qazaxıstandakı törəmə müəssisəsi olan "SC Alfa Bank” sanksiyalar siyahısından çıxarılıb. Əməliyyatlar isə "SEFE Securing Energy for Europe GmbH" ilə dekabrın 16-dək aparıla bilər.
Saksiyaların yumşaldılmasından sonra iddialar dolaşır ki, ABŞ Ukraynanı savaş meydanında tək buraxır.
İddiaları şərh edən analitik Aqşin Kərimov "Sherg.az"a bildirib ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalar bumeranq effekti verərək öz başında çatlayıb:
"ABŞ-ın Rusiyaya tətbiq etdiyi bəzi sanksiyaları aradan qaldırması, üstəgəl Avropa İttifaqının da analoji addımlara getmək ehtimalı onu göstərir ki, Moskva Ukraynadakı müharibədə üstünlük qazanıb.
Bu üstünlüyün nə qədər davam edəcəyini söyləmək çətindir, amma bəlli olan budur ki, Qərb Ukraynaya müharibədə dönüş nöqtəsi yarada biləcək silahlar verməkdən çəkinir.
Qərb cəmiyyətləri fərqlidir və Qərb ölkələri xarici siyasətdə elə kurs tutmağa çalışırlar ki, əhali hökumətlərə qarşı hərəkətə keçməsin.
Qərb ölkələrinin əhalisini Rusiya-Ukrayna müharibəsinin nəticələri çox da maraqlandırmır, onlar əsasən, fərdi azadlıqlara və dövlətin bu sahədəki öhdəliklərinə, sosial məqsədlərə önəm verirlər.
Qərbin tətbiq etdiyi sanksiyaların bumeranq effekti verərək öz başında çatlaması səbəbindən sosial etirazlar dalğası başlaya bilər.
Ona görə də, sanksiyaların yumşaldılmasına gedilir ki, Qərb ölkələri üzərində yaranan iqtisadi təzyiqlərin dozası aşağı düşsün.
Mən inanmıram ki, Qərb Ukraynanı tək qoymaq niyyətindədir, amma strateji məcburiyyətdən dolayı bəzi məqamlarda prinsipiallıqdan geri çəkilmək çağırışı ilə üzləşir.
Ümumilikdə isə, əminlik artır ki, Rusiya ilə Qərb arasında gizli danışıqlar gedir. Niyə də olmasın?! Rusiyanın süni şəkildə yaratdığı taxıl böhranı dünyanı aclıq məngənəsinə sala bilər. Bu isə Qərbin qoyduğu sanksiyaların nəticəsi olaraq Rusiyanın əks-tədbiri kimi dəyərləndirilməlidir.
Qərb ac qalmaq istəmir, Rusiya isə Ukraynada istədiyini almağı hədəfləyir. Qərb Ukraynaya dəstəyini davam etdirəcək, ara-sıra isə Rusiya ilə təmaslarını gücləndirəcək. Qərb də, Rusiya da böyük qlobal maraqları olan güclərdir, bu mənada Ukraynadakı münaqişənin nəticələrini nüfuz dairələrinə bölüşdürmək uğrunda danışıqların getdiyini söyləyə bilərik".