Rusiya prezidenti Vladimir Putin bu gün İranda səfərdədir. Tehran səfəri zamanı Putin İran prezidenti İbrahim Rəisi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə danışıqlar aparacaq, İranın ali dini lideri Əli Xameneyi ilə görüşəcək. Astana formatında keçiriləcək üçtərəfli sammit çərçivəsində Ərdoğanın Putin və Rəisi ilə təkbətək toplantıları da planlaşdırılır.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Türkiyə və İrandan olan həmkarları ilə görüşü çox vacib və aktualdır:
“Bu görüş regional və beynəlxalq problemlərin müzakirəsi üçün yaxşı fürsətdir”.
Qeyd edək ki, görüşdən sonra birgə bəyanatın qəbul olunması gözlənilir.
Üçtərəfli görüşü “Sherg.az”a şərh edən politoloq Tofiq Abbasovun qənaətincə, dünyanın enerji bazarında vacib dəyişikliklər baş verir:
"Rusiya faktoru gündəmdədir. Əsas qüvvələr Rusiyanı ixrac imkanlarından məhrum etməyə çalışır. ABŞ Prezidenti Co Bayden Səudiyyə Ərəbistanına yollandı. Afrika ölkələri ilə məsləhətləşmələr aparılır. Belə olan təqdirdə maliyyə bazarlarında boşluq yaranmamalıdır. Amma Moskva boşluq yaratmaq istəyir. Boşluq yaranarsa, qiymətlər aşağı düşməyəcək. Digər tərəfdən isə Rusiyaya qoyulan bəzi sanksiyalar götürülə bilər. V. Putin İranla saziş imzalamağa səy göstərir. Nəticə etibarilə, İran dünya bazarında çatışmayan neft həcmini verməsin. Yenidən Moskvanı bazara qaytarmağa çalışırlar. Dünya bazarında çatışmazlığın olması ilə bağlı müzakirələr gedir".
Analitikin fikirlərinə əsasən, Rusiya Türkiyə ilə münasibətləri yaxınlaşdırmağa can atır:
"İran Qərbə meyl göstərməsin deyə, əlaqələri normada saxlayır. Hələki dünyada böhran hökm sürür. Qərb dövlətləri, əsas ABŞ yeni formatlarda bazara özlərinə yaxın ölkələri gətirmək istəyir. İranla ABŞ arasında əzəli gərginlik var. ABŞ hiss edir ki, İran sanksiyalara tab gətirməklə, eləcə də, özü əlverişli konyuktura formalaşdıra bilər.
Bu həm Rusiyanın, həm İranın, həm də Türkiyənin xeyrinə olacaq. Türkiyədə lirə zəifləyir. Qərb dövlətləri, maliyyə və əmtəə təchizatları Türkiyəni çıxılmaz vəziyyətə salmağa çalışır. 2023-cü ildə Türkiyədə seçkilər keçiriləcək. R.T. Ərdoğanın zəifləyib məğlub olmasını nəzərdə tuturlar.
Üç ölkənin Qərblə münasibətlərində çətinliklər olmasına rəğmən əlverişli bazar yaratmağa çalışırlar. Rəsmi Tehran, Moskva və Ankara istəyir ki, oyunda öz səhmləri yer aldın, məzənnələri aşağı düşməsin, nəhayət maraqlarının keşiyində dayana bilsinlər".