Zelenski və xanımı müsahibə verdi: "Evimiz də cəbhə xəttinə çevrilib”

"Sherg.az" Türkiyə mediasına istinadən xəbər verir ki, dünyanın ən nüfuzlu moda jurnalı Amerikanın “Vogue ” jurnalının bu ay qonağı Ukrayna prezidenti Vladimir Zelenski və  xanımı Olena Zelenska olub. 


Əfsanəvi fotoqraf Enni Leybovitz üçün kamera qarşısına keçən Zelenskanı həyat yoldaşı Vladimir Zelenski müşayiət edib. 

“Cəsarət portreti” başlığı ilə elan edilən fotosessiyada iştirak edən cütlük 24 fevralda başlayan rus hücumundan və müharibənin təsirlərindən danışıb. Birinci xanım Olena Zelenska jurnala verdiyi müsahibədə “Bu son dövr mənim və bütün Ukrayna xalqı üçün həyatımın ən dəhşətli ayları olub. Açığını desəm, heç kimin bizim bu dönəmi emosional olaraq necə keçdiyimizə fikir vermədiyini düşünmürəm” deyib.“ 

Biz qələbə qazanacağıq. Qələbə qazanacağımıza əminəm. Bizi ayaqda saxlayan da budur”- deyən Zelenska jurnal üçün verdiyi pozalardan birində əsgərlərlə görüşüb. Jurnalda "İnsanların müharibədəki təcrübələri haqqında ilk danışan" kimi təsvir edilən 44 yaşlı birinci xanım tez- tez Rusiyanın hücumu altında olan Ukraynaya kömək üçün müraciət edib.

 “Övladlarımdan ayrılsaydım, bu dövrü necə keçərdim, bilmirəm” deyən Zelenska , həyat yoldaşı V. Zelenskinin  çətin bir proses keçdiyini vurğulayıb. Zelenski ukraynalıların vətənlərini niyə tərk etdiyini başa düşdüyünü, ancaq geridə qalanların nümunə olduğunu söyləyib.  “Bizim evimiz də cəbhə xəttinə çevrilib” ifadəsini işlədən prezident bildirib ki, həyat yoldaşı Olena Ukrayna üçün önəmli fiqurdur.

Zelenskinin müharibə ilə bağlı dediyi “Dürüst olacağam. Neft heç bir şey deyil. Ukraynada baş verənlərlə müqayisədə bəlkə də Covid heç bir şey deyil” fikri isə çox diqqət çəkib. “Evimizdə və ölkəmizdə nə baş verdiyini düşünün. Siz hələ də qazın və ya işığın qiymətlərini nəzərdən keçirəcəksiniz? 

Biz dünyanın istənilən ölkəsində baş verə biləcək hər şey üçün mübarizə aparırıq. Əgər bütün dünya buna icazə verirsə, deməli, öz dəyərlərinə kifayət qədər sadiq deyil. Ona görə də Ukraynanın ciddi dəstəyə ehtiyacı var”, - deyə o bildirib. Cütlüyün hazırkı dönəmdə məşhur moda jurnalına müsahibə verməsi və özəl çəkilişi bəziləri tərəfindən tənqid edilib.