Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək. Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, dövlət başçısının səfəri avqustun 5-də Rusiyanın Soçi şəhərinə planlaşdırılır. Türkiyə Prezidenti rəsmi səfər çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
Qarşıdan gələn səfərin gündəliyinə Rusiyanın Ukraynadakı müharibəsi və regiondakı digər proseslərin mövzuları daxildir.
Türkiyə və Rusiya prezidentlərinin “taxıl dəhlizi” ilə bağlı sazişin icrasını dəyərləndirəcəkləri gözlənilir.
Politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında bildirib ki, səfərdə Türkiyənin də konkret geosiyasi maraqları var:
"İndiki vəziyyətdə regionda, xüsusilə də Qara dəniz ekvatoriyasında Ukrayna-Rusiya arasında baş verən müharibə qlobal səviyyədə böyük problemlər vəd edir. Bu, təkcə ölüb, öldürməklə yetinəcək bir məsələ deyil. Savaşın dağıdıcı gücü artıq iqtisadiyyatlarda ciddi böhranlar yaradır. Həmçinin ərzaqların qıtlığına, qiymətlərin kosmik şəkildə qalxmasına gətirib, çıxarır. Nəticədə Afrika və digər qitələrdə taxıl qəhətliyi ilə bağlı ciddi problemlər yaşanır. Məsələ ilə əlaqəli əlbəttə, kimsə "əlini daşın altına qoyub", problemlərin çözümündə ya konkret vasitəçilik, ya da təkliflər ortaya qoymalıdır. Bunu da Türkiyə edir. Qardaş ölkə müharibədən hansısa qazanclar götürmək niyyətindən çox uzaqdır. Yeganə məqsədi regionda onun sərhədləri yaxınlığında, bütövlükdə Qara dəniz ekvatoriyasında böyük bir yanğının qarşısını almaqdan ibarətdir. Çünki bu alovdan hər bir ölkə, xalq, toplum zərər çəkəcək. Bundan başqa, prosesin uzanmasında milyardlar qazanan "silah boss`ları" var ki, onlar da məhz Qərb dünyasında yerləşir. Yəni ABŞ, Avropa Birliyi və digər bölgələrdəki "silah boss`ları" hər gün əllərini əllərinə sürtərək, müharibənin davamlı olmasını istəyirlər. Çünki Qərb dünyası ümumilikdə Ukrayna, Rusiyaya qarşı hərbi təchizatla bağlı ciddi yardımlar edir. Bu da artıq tükənən silahların fonunda Müdafiə Sənayesi müssəsiələrinə, yəni "silah boss`larına", yeni sifarişlərin olmasına gətirib, çıxartması milyardların qazanılması deməkdir. Bütün bunları anlayan Türkiyə hazırda təkcə öz dövləti deyil, bütün dünya adına hərəkət edir. Eyni zamanda bildiyimiz kimi, qardaş ölkənin Suriyanın şimalında keçirmək istədiyi növbəti hərbi əməliyyat ehtimalı mövcuddur. Var olan bu istək rəsmi Ankaranın təhlükəsizliyi ilə bağlıdır. Məlumdur ki, onun 3-cü hərbi əməliyyatı yarımçıq qaldı. Həm ABŞ, həm də Rusiya müəyyən sazişlər, anlaşmalar imzalamaqla Türkiyəyə vəd verdilər. 30 kilometr cənuba, Suriyanın içərilərinə doğru məsafədə olan PKK və onun Suriya qolu terrorçularını bu ərazilərdən uzaqlaşdıracaqlarını öhdəliklərinə götürdülər. Amma verdikləri sözlər tutulmadı. Yarıda qalan əməliyyatlar çərçivəsində şimal zonası demək olar ki, iki istiqamətdən tam bölündü. Bu ərazilərdə xüsusilə də Menbiç və Tel Rıfat kimi bölgələrdə yerləşən terrorçular zaman-zaman Türkiyə əsgərlərinə, onun ərazilərində yerləşən Suriya Milli Ordusuna, həmçinin suriyalılara hücum edirlər. Terror hadisələri törədirlər. Nəticədə təhlükəsizliyi təmin etmək üçün 4-cü hərbi əməliyyata ehtiyac var. Lakin bu məsələyə Rusiya, İran da qarşı çıxır. Eyni zamanda ABŞ, Avropa Birliyi ölkələri, bütövlükdə Qərb dünyası Türkiyənin əməliyyat keçirməsinin əleyhinədir".
N.Mirinin qənaətincə, Soçi səfərində Türkiyə prezidenti sözügedən mövzunu yenidən rusiyalı həmkarı ilə müzakirə predmetinə çevirmək istəyir:
"Yəni qardaş ölkə Rusiyanın geosiyasi maraqları kontekstində hazırkı zamanda ciddi fəaaliyyət göstərir. Çünki dünyada Rusiyanın Türkiyədən başqa sözünü deyə biləcək və etimad edəcəyi ikinci bir dövlət yoxdur. Ona görə də taxılın Ukraynadan təhlükəsiz şəkildə dünya bazarına çıxarılması, rəsmi Moskva və rəsmi Kiyev arasında yenidən sülh danışıqlarının başlaması kimi məslələri bu gün yalnız Türkiyə ortalığa qoyur. İndiki şəraitdə savaşın dayanması, sülh danışıqlarının başlanması Rusiyanın ciddi şəkildə maraqları çərçivəsindədir. Ona görə ki, Kreml ordusunun müəyyən zaman içərisində tənəffüzə, pauzaya ehtiyacı var. Çünki Rusiya yenidən hərbi birləşmələrini qruplaşdırmalı, yeni canlı qüvvələri cəlb olunmasını, həmçinin texniki cəhətdən təchizatı təmin etməlidir. Yeni bazalar, logistik əlaqələrini qurmaq üçün vaxt lazımdır. Lakin zamanı Ukrayna Rusiyaya vermək istəmir. Rəsmi Moskvanın yeganə işğal etdiyi vilayət şəhəri olan Xerson ətrafında rəsmi Kiyevin xeyrinə ciddi proseslər başlayır. Düşünürəm ki, yaxın həftələrdə bu şəhərin tamamilə azad olunma ehtimalı çox yüksəkdir. Xersonun işğaldan qurtulması həm beynəlxalq, həm də Rusiya ictimai rəyində Putin hakimiyyətinə böyük bir zərbədir. Çünki indiyə qədər şimal qonşumuzun öyündüyü ən ciddi məsələ məhz adıçəkilən şəhərdir. Hətta məlum olduğu kimi, Donbassda belə Rusiya hələ də istər Donetsk, istərsə də Luqansknin inzibati sərhədlərinə gəlib, çıxa bilməyib. Beləliklə, indiki vəziyyətdə Türkiyənin sülh danışıqlarına başlama fəaliyyəti Rusiyanın maraqlarına xidmət edən bir məsələdir. Düşünürəm ki, Türkiyə bu kontekstdə Suriyanın şimalında keçirəcəyi əməliyyata Rusiyanın göz yummasını və dolayısı ilə səssiz qalmasını istəyəcək. Ən azından Türkiyə silahlı qüvvələrinin hərbi gedişatına yaşıl işıq yandırmasını tələb edəcək. Amma rəsmi Moskva razılıq verməsə belə, proses başladılacaq. Ərdoğanın Soçi səfəri düşünmürəm ki, təkcə Ukrayna-Rusiya, yaxud da Suriya məsələsi ilə məhdudlaşacaq. Aydındır ki, Cənubi Qafqazda, xüsusilə də Azərbaycan-Ermənistan münasibətləri fonunda da gərginlik hökm sürür. Bu da yeni hərbi toqquşmalar təhlükəsi yaradır.
Qeyd etdiyimiz kimi, Türkiyə bəlkə də, Cənubi Qafqazda və Azərbaycanda Rusiyanın qəbul edə biləcəyi bircə regional güc mərkəzidir. Əks təqdirdə alternativi olan Avropa Birliyi yaxud da ABŞ-ın bölgəyə gəlməsi regionda möhkəmlənməsi və Rusiyanın sıxışdırılması deməkdir".